Həkimlər internet və kompüterdən istifadəni uşaq və yeniyetmələrin səhhəti üçün arzuolunan hesab etmir. Bu hal onların psixologiyasında da özünü mənfi tərəfdən təzahür edir.
Gündəlik həyatımızı texnoloji yeniliksiz təsəvvür etmək mümkün deyil. Maraq dairəmizin əsasını informasiya qəbulu təşkil edir. Bu yenilikləri izləməkdə uşaqlar heç də biz böyüklərdən geri qalmır. Elə bunun nəticəsidir ki, tez-tez övladını kompüterdən ayıra bilməyən valideyn şikayətinin şahidi oluruq.
Valideyn: “Övladım vaxtının çoxunu kompüter qarşısında keçirir. Bu da təbii ki, bir valideyn kimi bizi narahat edir. Ancaq uşaq yenə də üstünlüyü internetdən istifadəyə verir”.
Gün ərzində vaxtını kompüter qarşısında keçirən azyaşlıların psixoloji inkişafında da müəyyən fəsadlar olur. Daha çox özünə qapılan belə uşaqlara ətrafla ünsiyyət qurmaq çətin olur. Uşaqların əksəriyyəti internetdən müxtəlif növ oyunlar oynamaq üçün istifadə edirlər ki, bu da onların yenicə formalaşmağa başlayan psixologiyalarına olduqca mənfi təsir göstərir.
Zahid Tağıyev, psixoloq: “Müasir zəmanəmizdə kompüterin azyaşlılara təsiri çox böyükdür. Onlar daha çox internet oyunlarına meyl edirlər ki, bu da onların virtuallaşmasına gətirib çıxarır. Belə uşaqlar hətta ailədən də uzaqlaşırlar. İnternetin mənfi təsirləri daha çoxdur, nəinki müsbət. Uşaqların internetdən çox istifadəsi gələcəkdə psixi-patoloji xəstəliklərə də gətirib çıxara bilər”.
Yeniyetmə uşaqlar üçün internetə maraq dairəsi isə sosial şəbəkələrdir. Onların bu istiqamətdə aludəçiliyi hətta dərsdən yayınmalara da səbəb olur.
Səlim Əmirov, yeniyetmə: “Sosial şəbəkələrdən çox istifadə edirəm. Daha çox “Facebook”, “Twitter” kimi şəbəkələrdə oluram. Demək olar ki, günümün 5-6 saatını məhz internetdə keçirirəm”.
Həkimlər oturaq vəziyyətdə uzun müddət qalmağın da xüsusilə inkişafda olan uşaq sağlamlığına təsirini qeyd edir. Yuxu, qida, hava rejiminin də pozulması nevrozun yaranmasına da gətirib çıxara bilər.
Asif Məmmədov, pediatr: “Belə uşaqlarda gələcəkdə depressiyaların olması normal haldır. Kompüter qarşısında çox vaxt keçirmək metobolik pozğunluq, mədə- bağırsaq xəstəlikləri, endokrinik xəstəliklərin inkişafına təkan verir”.
Həkimlər internet və kompüter oyunlarının uşaq və yeniyetmələrin gələcək həyatında fəsadlar yaratmaması üçün vaxtında qabaqlayıcı tədbirlərin görülməsini məsləhət bilir.