“EMEA Finance” beynəlxalq maliyyə jurnalının nüfuzlu “Europe Banking Awards 2013” Mükafatının rəsmi təqdimetmə mərasimi keçirilib. “Azərbaycanın ən yaxşı investisiya bankı” nominasiyasında artıq üçüncü dəfə ölkənin aparıcı korporativ bankı – “PAŞA Bank” qalib olub.
Tədbir zamanı Bankın İdarə Heyətinin Üzvü, Baş İnvestisiya Direktoru (CIO) Taleh Kazımov qeyd edib ki, “PAŞA Bank investisiya istiqamətində uğurlu fəaliyyəti sayəsində ötən ilin yekunlarına görə bu nüfuzlu mükafata layiq görülüb.
“Əvvəlki istiqraz buraxılışlarına əlavə olaraq, biz 2013-cü ildə ümumi dəyəri 41,4 milyon AZN (təxminən 53 milyon ABŞ dolları) olan daha 6 korporativ istiqraz buraxılışına müvəffəqiyyətlə zəmanət həyata keçirmişik və eyni zamanda onlar üzrə market meyker xidmətlərini göstərmişik. Buna sübut olaraq təkrar bazarda PAŞA Bankın dəyəri təxminən 113 milyon AZN (təxminən 144 milyon ABŞ dolları) dəyərində olan yerli korporativ qiymətli kağızlar dövriyyəsini (Azərbaycan İpoteka Fondunun istiqrazları istisna olmaqla) göstərmək olar ki, bu da 2012-ci ilin dövriyyəsindən əhəmiyyətli dərəcədə yüksəkdir. Əvvəlki illərdə olduğu kimi, biz bu faktı təkcə Bankın və kollektivin uğuru kimi deyil, həm də bütün müştərilərimizin etimadını doğrultmağımız kimi qiymətləndiririk. Ümid edirik ki, gələcəkdə də bank sektorunda nailiyyətlərimiz həm bütün müştərilərimizə və tərəfdaşlarımıza, həm də bütövlükdə ölkə iqtisadiyyatına öz faydasını verəcək”.
Bildirək ki, “Europe Banking Awards”un qalibləri dünyanın aparıcı ekspertləri – maliyyə sənayesinin analitikləri və bank məsləhətçilərinin iştirak etdiyi səsvermənin nəticələrinə görə müəyyən edilir. İnkişaf etməkdə olan ölkələrin bank sektorunun təhlili zamanı aktivlərin artımı, mənfəətlilik, strateji münasibətlərin inkişafı, müştərilərə xidmət sahəsi, rəqabətə dözümlülük səviyyəsi, innovasiya məhsulları istiqaməti və s. meyarlar nəzərə alınır.