Fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasının iştirakçılarını qəbul edib. Prezident İlham Əliyev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının növbəti iclasının uğurlu keçəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı bu cür tədbirlərin dost ölkələr arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən informasiya siyasəti və informasiya təhlükəsizliyi sahələrində əməkdaşlığın genişlənməsi istiqamətində önəmli hadisə kimi dəyərləndirib. Müasir dövrdə informasiya təhlükəsizliyinin enerji və ərzaq təhlükəsizliyi məsələləri ilə yanaşı, müzakirə olunduğunu qeyd edən İlham Əliyev ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı islahatların uğurla həyata keçirildiyini, bu istiqamətində məqsədyönlü tədbirlərin ardıcıl olaraq davam etdirildiyini vurğulayıb.
İnformasiya əldə etməyin hər bir vətəndaşın hüququ olduğunu deyən prezident informasiyanın mötəbərliyi və onun obyektivliyinə görə kütləvi informasiya vasitələrinin böyük məsuliyyət daşıdığını vurğulayıb.
Dövlət başçısı təəssüflə bildirib ki, bəzən siyasi prioritetlərə, dünyagörüşünə, siyasi məqsədlərə görə informasiya ya təhrif olunmuş, ya da birtərəfli şəkildə verilir. Dünya ictimaiyyətinin diqqətini cəlb edən informasiyalar və onların bəzi kütləvi informasiya vasitələri tərəfindən çatdırılması üsulları buna əyani sübut ola bilər. Buna görə də bu gün vətəndaşlara nəinki təkcə düzgün və mötəbər informasiya, həm də müxtəlif mənbələrdən obyektiv informasiya lazımdır.
Dünyada və cəmiyyətdə kütləvi informasiya vasitələrinin rolunun daim artdığını obyektiv proses kimi dəyərləndirən prezident İlham Əliyev bununla əlaqədar dost ölkələrin informasiya agentlikləri arasında fəal əməkdaşlığın, həm gerçəkliklərin obyektiv işıqlandırılması, həm də təcrübə və informasiya mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Dövlət başçısı qeyd edib ki, uzun illər ərzində mövcud olan MDB ölkələri Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurası bu məqsədlərə nail olmaqda vacib rol oynayır.
Ölkəmizdə İKT-nin inkişafının əsas prioritetlərdən olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyini, bu yaxınlarda Azərbaycanın ilk süni peykinin orbitə buraxıldığını, həmçinin yaxın zamanlarda İKT sahəsində çalışan yerli və xarici şirkətlərin fəaliyyətini cəmləşdirməyi nəzərdə tutan yüksək texnologiyalar parkının yaradılacağını deyib.
İlham Əliyev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının Bakıda keçirilən XVI iclasının kütləvi informasiya vasitələri arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı anlaşma və əməkdaşlığın daha da genişlənməsi baxımından faydalı və əhəmiyyətli olacağına əminliyini ifadə edib.
MDB-nin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının - MDB İnformasiya Şurasının sədri, İTAR-TASS-ın kollegiya sədri Vitali İqnatenko Azərbaycanda KİV-in və İKT-nin sürətli inkişafını xüsusi vurğulayıb və ölkəmizin kosmik kluba üzv olması münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
İTAR-TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov informasiya agentlikləri arasında əməkdaşlığın bütövlükdə həmin ölkələr arasında olan münasibətlərin bir göstəricisi kimi dəyərləndirib. O, Prezident İlham Əliyevə görüş iştirakçıları adından xatirə hədiyyəsi təqdim edib. İTAR-TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman Bakıda keçirilən növbəti iclasın uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.