Tozun, tozanağın yatmasını gözləmək lazım gəlir. Hay salınmış, hamı tamaşaya gələcək. Həyəcan böyükdür: "Mirpaşa məscidə it bağlamış!".
Məscid unudulmuşdu, Allahın evindən daha çox axund Şirəlinin evi kimi tanınırdı. Adamlar da bu tozun, tozanağın içində məscidin müdafiəsindən çox, statusca fərqli üç subyektdən kimin üstün olacağının təsdiqinə gəlmişdilər. Adamlar nə Məscidi dərindən tanıyırdılar, nə də Mirpaşanı.
Mirpaşanı öldürdülər. Nə məscid düzəldi, nə axund Şirəli dəyişdi.
Nədənsə Əkrəm Əylislinin yazısı ilə başlayan qalmaqalda ilk ağlıma gələn məşhur filmdəki Mirpaşa ilə bağlı epizod oldu.
İndi istərsəniz qulaq kəsin, istərsəniz adam öldürün, istərsəniz yaxın məsafədən kiminsə üzünə tüpürün- hər kəsin tərbiyəsinin imkan tanıyıb- tanımadığı bütün sərhədləri aşıb hər cür kütləvi vəhşilik nümunəsi ortaya qoyun. Bizlər bu gündən, bu andan fərqli bir insan olmağa başlamağa qərar vərəcəyikmi? Bircə bu sualı cavablandırandan sonra, istədiyinizi edin.
Savaşı məğlub olmuş bütün xalqların ümidsiz insanları bəhanə arayışındadırlar. Düşmən qarşısında revanş götürmək üçün nə həyat tərzində, nə mənəvi mühitində ciddi dəyişikliyə səy göstərən bir cəmiyyətin nə istədiyi mənimçün hələ də aydın deyil.
Çoxluğun qənaəti bu ki, Əkrəm Əylisli ermənilərə bəhanə verdi. Əlbəttə, düşündürücüdür, erməni indiyəcən bu bəhanələrdənmi yol almış? Erməniyə arxivdən tarixi faktları çıxarırsan, qəbul etmək istəmir, Efes məbədini yandırmaq istəyən bir Herostatın xəyal və yuxu məhsulları hansı ciddi bəhanə olacaq?
Əkrəm Əylislinin öz düşüncəsini təqdim etdiyi əsərin məlum epizodlarını kəsə yoldan çözmək istərdim. Yazar ilk etirafı başlatdığını bəyan edir. Məncə, bunu üç niyyətlə edə bilərdi: Allah rizası üçün, Humanist xarakter gərəyi və ya Kor inad üçün. Təbii ki, Əkrəm Əylislinin yazılarının ana xəttində Allah rizası üçün cəmiyyətin dəyərlərını dəyişmək niyyətini görə bilməzsən. Ən azından beş il Azərbaycan parlamentində öz fərqli görüşlərini fərqli üslubda dilə gətirməyən, gətirmək istəməyən bir yazar fürsətləri indiyədək doğru dəyərləndirməmiş. Humanist xarakter gərəyi atılan addımın izləri də həyat yolunda və yaradıcılığında özünü göstərməməkdə. Bu yazı ənənəvi olaraq Əkrəm Əylislinin kor inad uğruna çarpışan qəhrəman obrazlarının davamıdır. Onların heç birinin ideyaları olmamış, onlar həyat boyu üzləşdikləri ədəlatsizlikləri önləmək üçün kiçik savaşçılardan başqa bir keyfiyyət daşıyıcısına çevrilmirlər. Sonda bu xırda gileyçilər ya hadisələrin gərginliyində bitib-tükənirlər və ya gərgin məkanı tərk edirlər. Bu dəfə də Əkrəm Əylisli mənim gözlədiyimdən fərqli bir iş görmədi. Əbülfəz Elçibəyi xüsusi şövqlə təsvir etdiyi keçi hadisəsi üzərindən ləyaqət ölçülərinə uyğun gəlməyən formada məsxərəyə qoymanın ardından mütləq bu masştab genişlənib bütöv bir xalqın üzərinə gəlməliydi.
Yazıçının cəmiyyətlə, xalqla, dövlətlə, rejimlərlə savaş içində olması, onun dəyərlərinə saldırması tarix boyunca gözlənilən hadisələrdəndir və bunun ağrı-acısını yaşayan yazarların onlarla nümunəsini xatırlatmaq olar. Əkrəm Əylisli inadkar, fəqət xaraktersiz insan tipidir. O Nazim Hikmət ola bilməz, heç Orxan Pamuk da. Nazimin mənasız kommunist xaraktərinə sahib deyil. Orxan Pamuk isə Əkrəm Əylislidən fərqli olaraq Türk millətinin vəhşiliyindən deyil, Osmanlı dövlətinin yeritdiyi siyasətin qurbanı olan ermənilərdən bəhs etmişdi.
Ona görə də Əkrəm Əylisli bu əsərində tərəfsiz mövqə tutaraq savaşın gətirdiyi acıların hər iki xalqın yaşamında yaratdığı psixoloji sarsıntıları çözmə niyyəti güdmür, həqiqətən də erməni xalqının yaşadığı sarsıntıları ürək ağrısı ilə ələ alır, prosesləri müharibə dövrünün kontekstindən çıxararaq, sanki dinc vaxtların axarında bir tərəfdə məsum, bir tərəfdə vəhşiləşmiş, gözlərini qan örtmüş insan kütləsinin saldırılarını təsvir edir. Adəta bu mövzularda yazılmış əsərlərdə humanizm nöqteyi- nəzərindən hər iki tərəfdən gərçəkləşdirilən insan təbiətinə uyğun gəlməyən davranışların mühakiməsi gedir, ilk addim atanla cavab verənin düşüncə kodunun açılışı verilir, hər iki tərəfin faciəsinin əsas detalları anlaşıla bilir.
Əkrəm Əylisli isə illərlə dəyərlərini qəbul etmədiyi bir cəmiyyətin məğlubiyyətini arzulayır, bunun qanunauyğunluğunu əsaslandırmağa çalışır, öz standartlarına uyğun müəyyənləşdırdiyi vəhşı və məsum milli insan xarakterləri arasında tərəf tutur.
Bu onu göstərdi ki, Əkrəm Əylisli istedadlı, Azərbaycan türkcəsinin bədii gözəlliyini əsərlərində göstərə bilən bir yazıçı olmaqdan uzağa gedə bilmədi. Adi bir yazıçı olmaq üçün bəlkə də surətləri, hadisələri, əşyalari obrazlı dildə təsvir etmək istedadı yetərli sayıla bilir. Bir mütəfəkkir yazıçı olmaqsa, hər kəsi heyrətləndirəcək şəkildə problemin açılışını və çözüm versiyalarını ortaya qoymaqdır. Bir düşüncə adamının adi yazıçıdan fərqi də buradadır. Onun əlində fürsət vardı ki, geriliyin, məğlubiyyətin səbəblərinin həm də xalqın bir sira müqəddəs saydığı dəyərlərdə yatdığını açıqlasın. O əxlaq fenomenini şəkilləndirən naqis dəyərlərə saldırmaq yerinə bioloji fenomen olaraq gördüyü sındırılmış və məğlub olmuş xalqa saldırmaq yolunu seçdi. Etiraf edək ki, gördüyü vəhşiliklrin qarşılığında erməniyə mərhəmət göstərən, yardım edən öz ifadəsi ilə desək bir "yeraz" obrazı yaratsaydı belə, yənə də ciddi iradlarla üzləşəcəkdi. Ancaq bu davranışını humanizm olaraq təqdim etmək imkanı olacaqdı. O, vəhşiliyə qarşı vəhşilik etmiş azəbaycanlı obrazı belə yaratmaqdan imtina etdi. O, hətta məsum bir erməniyə saldıran vəhşi türk zabitini seçməyi uyğun gördü. Təkcə yerli Azərbaycan Türkünü yox, davranış ölçüləri bir az fərqli olan Azərbaycan qadınını, kişisini, uşağını Andronikin süngüsündən və qaynar samovarından xilas etməyə gəlmiş Türk zabitini də genətik vəhşi obrazı içində təqdim etməyi öz zövqünün vacib detalı hesab etdi.
Fikrimcə, bu məsələləri ictimai qınağa buraxmaq yetərli. Çözüm yolları tükənmiş bir cəmiyyətdən vaxtaşırı belə sürprızlər çıxacaq. Ermənini bundan istifadə etməsi təqribən Ramil Səfərov məsələsinin istifadəsindən fərqli bir şey olmayacaq. Bunun, bir bilim adamının isbatlanmış elmi əsəri olmadığının ermənilər də fərqində. Sadəcə, epizodik psixoloji üstünlük ermənilər tərəfə keçmiş ola bilir. Ancaq hamımız fərqindəyik ki, erməni bu torpağı qədimlıkdə, tarixi haqqını əsaslandırmaqla, diaspor gücü ilə, əhali sayı ilə, Əkrəm Əylisli və ya başqa birinin verdiyi mənəvi dəstəklə işğal etməyiblər. Dövrə, zamana bizdən daha yaxşı hazırlaşıblar, müttəfiqlik münasibətlərini Rusiya ilə bizdən yaxşı qurublar. ABŞ siyasətinə bizdən daha çevik təsir edə bilirlər. Revanş götürmək üçün qaldığımız yerdən yenidən başlamaq lazım. Birinci də sındırılmış, əzilmiş, vətənində söz haqqını itirmiş bu insanı dirçəltmək üçün yollar tapmalıyıq. Bu gün hansısa məmura qəzəbi ermənidən daha artıq olan vətəndaşın öz ölkəsində yaşam şərtlərini yüngülləşdirmək və yənidən bu vətənin daşı deyil, insanı olduğunu xatırlatmaq və bu vətənin insanı kimi yaşatmaq lazım.
Haraya gedəcəyini bilməyən bir gəmiyə rüzgar da yardım etməz. Biz bu gəmiyik. Hara gedəcəyimizi bilmədən gəminin içində bir- birimizin qanına susamaqdayıq. Biz ermənilərə yalnız savaş meydanında uduzmamışıq. Təhsildə, səhiyyədə, adam kimi ordu qurmaqda, diaspor işində, beynəlxalq lobbiçilikdə, diplomatiyada, müasir dəyərlərə adaptasiya olmaqda, gələcəyin strateji proqnozlaşdırılmasında uduzuruq. Allahın verdiyi sərvətlərlə qürrələnməkdən o tərəfə elə bir dəyər yarada bilmədik ki, üstünlüyümüzü iddialı şəkildə önə sürək. Ancaq bu bizim xalqımız, bizim bu günün reallığında yaşayan cəmiyyətimizdir. Biz tarixi və çağdaş dəyərlərimizin buxovundan qurtulmaq üçün cəsarətli addimlar atmalıyıq, ancaq xalqı harasa ata bilmərik.
Bütün mənəvi, tarixi arqumentlər Əkrəm Əylislinin əleyhinədir. Lehinə olan bir arqument var: o da Anayasada nəzərdə tutulan Söz və fikir azadlığının təminatıdır.
Anlaşıldı ki, Mirpaşa məscidə it bağlamış. Mirpaşa ilə işiniz olmasın. İti də açıb buraxın. Sadəcə, məscidi insanların mənəvi sistemini yaradan bir ocağa çevirmək lazım. Məsciddəki pisliyin günahı nə Mirpaşada, nə də itdədir. Bir azdan Mirpaşa da, it də unudulacaq...