İran ordusunun Quru Qüvvələrinin komandanı Əhmədrza Purdəstan mayın 23-də jurnalistlərə açıqlamasında ölkədə sınaqdan keçiriləcək pilotsuz təyyarələrin yeni növündən danışıb.
“Media forum” saytının məlumatına görə, Əhmədrza Purdəstan deyib ki, bu il sınanacaq pilotsuz təyyarələrin özünəməxsus funksiyaları var. Bu təyyarələr həm bombardmançı funksiyasını həyata keçirəcək – “göy-göy”, “göy-yer” raketlərini daşıyacaq, həmin raketlərlə hədəfə atəş açacaq; həm də bu təyyarələr “intiharçı” (kamikadze) rolunu oynayacaq – bombası qurtarandan sonra özünü hədəfə çırpacaq.
Əhmədrza Purdəstan qeyd edib ki, sözügedən təyyarələr lazım gəldikdə bomba qarışıq da özünü hədəfə çırpıb böyük partlayışlar törədə biləcək.
Komandan hədəf deyəndə tankları, hərbi təsisatları və digər obyektləri nəzərdə tutduğunu diqqətə çatdırıb.