Bu gün Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Masallı Rayon İcra Hakimiyyəti və Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında rejissor Zamin Məmmədov tərəfindən çəkilmiş “Qəhrəman polis” sənədli filminin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, Masallıda doğulub boya başa çatmış, Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədova həsr olunmuş filmin təqdimatında qəhrəmanın yaxınları və doğmaları, rayon rəhbərliyi və ictimaiyyəti iştirak ediblər.
Tədbirdə əvvəlcə filmin nümayişi olmuş, sonra isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, filmin rejissoru Zamin Məmmədov, Masallı Rayon Polis Şöbəsinin rəisi Nəriman İmanov və başqa rayon ziyalıları, Səfəralı Məmmədovun anası çıxış edərək, tədbirin əhəmiyyətindən danışmış, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş igid vətən övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim yüksək tutulduğunu, ehtiramla anıldığını qeyd ediblər.