Müsahibədə səfir ölkəmiz haqqında danışıb, onun tarixi keçmişi barədə məlumat verib, Ermənistan-Azərbaycan münaqişəsindən söz açıb.
Ş.Abdullayev Azərbaycan torpaqlarının ın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından çıxarıldığını qeyd edib.
Diplomat BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş dörd qətnamənin Ermənistanın indiyədək yerinə yetirilmədiyini və bununla bağlı beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı heç bir sanksiyanın tətbiq olunmadığını vurğulayıb.
Səfir Azərbaycan iqtisadiyyatının son on ildə yüksək sürətlə inkişaf edərək, dünyada ən dinamik inkişaf edən ölkə iqtisadiyyatlarından biri olduğunu bildirib və yoxsulluq həddinin ötən səkkiz il ərzində 49%-dən 5%-ə qədər aşağı düşdüyünü, Azərbaycanın xarici valyuta ehtiyatının 53 milyard dolları keçdiyini, Azərbaycan neftinin və qazının boru xətləri vasitəsi ilə dünyanın müxtəlif yerlərinə ixrac edildiyini, həmçinin ölkə iqtisadiyyatının qeyri-neft sektorunda- turizm, rabitə və informasiya texnologiyaları, sənaye və kənd təsərrüfatı sahələrində ciddi irəliləyişlərin əldə edildiyini diqqətə çatdırıb.
Azərbaycanın turizm potensialı haqqında danışan səfir, yay və qış turizmi barəsində məlumat verərək, 2013-cü ildə 2 milyondan artıq turistin ölkəmizə səfər etdiyini bildirib.
Azərbaycan-Misir əlaqələrinə toxunan Ş.Abdullayev 1-6 iyun tarixlərində Bakıda Misir mədəniyyət günlərinin keçiriləcəyini, bunun iki ölkə arasında mədəniyyət və turizm sahələrində əlaqələrin inkişafına təkan verəcəyini vurğulayıb.