Prezident İlham Əliyev çıxışlarında daim vurğulayır ki, yaşıllıqlara qarşı diqqətli olmaq lazımdır. Lazımsız yerə yaşıllıqların kəsilməsi və məhv edilməsi yolverilməzdir. Bu istiqamətdə prezident yanında keçirilən son müşavirələrin birində ölkə başçısının dövlətin aidiyyatı qurumlarına ciddi tapşırıqları da gündəmə gəldi. Lakin buna baxmayaraq aldığımız informasiyalar ona əsas verir ki, hələ də «burada mənəm, Bağdadda kor xəlifə» prinsipi ilə işləyən işbazlara və onlara himayədarlıq edən məmurlara rast gəlinir. Qaçaq Nəbi küçəsinin 97 nəfər sakini də ölkə başçısının göstərişlərinə və tapşırıqlarına dəstək verərək həyətlərində «Qismət-M» MMC-nin həyata keçirmək istədiyi «soyqırım»ın qarşısını almağa çalışırlar. Şikayət ərizəsində bildirilir ki, neçə on illiklərdir ki, bina sakinlərinin min bir əzab-əziyyətlə böyüdüb boya-başa çatdırdıqları yaşıllıqlar yuxarıda adı çəkilən tikinti şirkətinin və onun himayədarlarının nəfsinin qurbanına çevrilə bilər. Sakinlərin dediklərinə görə, artıq həmin əraziyə ağır tikinti texnikaları yeridilib. Əgər sakinlər vaxtında müdaxilə etməsəydilər, yaşıllıqlar bir neçə saniyənin içərisində yerlə-yeksan edilə bilərdilər. Məcburiyyət qarşısında qalan bina sakinləri baş verəcək «soyqırım»ın qarşısını almaq üçün tikinti şirkəti ilə qarşıdurmaya getməyə məcbur olublar. Bundan çəkinən «Qismət-M» MMC-nin rəhbər işçiləri vətəndaşlarla danışıqlara getməyə məcbur olublar. Hətta narazı vətəndaşların bir qismini özlərinə tərəf çəkərək onlara pul vəd edərək qarşıdurmanı səngitməyə çalışıblar. Lakin sakinlər buna etiraz edərək qarşı tərəfin məkrli təkliflərini qəbul etməyərək sona qədər mübarizə aparacağını bəyan ediblər.
Diqqət çəkən məqamlardan ondan ibarətdir ki, adıçəkilən məhəllənin sakinləri baş verənlərlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Oradan verilən cavab isə belə olub: «Vallah, biz sizə kömək edə bilmərik. Çünki o tikintidən bizim xəbərimiz yoxdur. Həmin tikintinin sənədlərini Hacıbala Abutalıbov verib. Ona görə müdaxilə edə bilmirik. Hətta onların yuxarılarda çox böyük adamlar var». Maraqlıdır, əgər prezident İlham Əliyev bütün xalqın gözləri qarşısında yaşıllıqları məhv edənlərə qarşı mübarizə elan edirsə və bu barədə dövlətin aidiyyatı orqanlarına ciddi tapşırıq verirlərsə, onda «Qismət-M» MMC-nin yuxarıdakı adamları kimdir ki, dövlət başçısının tapşırıqlarına əməl etmək istəmir. Adıçəkilən tikinti şirkətinin Babək adlı rəsmisi vətəndaşlara bildirib ki, istədiklərinə onsuz da nail olacaqlar. Yaşıllıqları məhv edib yaşlıların, uşaqların istirahət yerlərini zəbt edən şirkət rəsmisi öz əməllərinə qanuni don geyindirməyə çalışır. Hansısa vəzifəli şəxsin adından sui-istifadə etməyə gəlincəyə isə o, bildirib ki, bu, bizim şəxsi işimizdir. Dərəbəyliyin həddinə baxın. Adi bir şirkətin rəsmisi vətəndaşlarla hədə-qorxu ilə danışmaqdan çəkinmir, hətta qanunsuz əməllərini açıq-aşkar etiraf edir. bu bir daha sübut edir ki, hələ də ölkədə müəyyən vasitələrlə külli miqdarda var-dövlət qazanmış şəxslər var ki, özlərini dövlət içində dövlət kimi aparırlar. Belə çıxır ki, onlar dövlətin güc strukturlarından tutmuş aidiyyatı üzrə digər orqanlara qədər heç kimi tanımırlar.
Məlumat üçün bildirək ki, 97 nəfər sakinin imzası ilə Prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, Daxili İşlər naziri Ramil Usubova, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Baş Prokurorluq yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinə müraciətlər ünvanlayıblar. «Qismət-M» MMC-nin pula susamış rəsmiləri isə vətəndaşları Qaçaq Nəbi kimi qaçaq həyatı yaşamağa məcbur edib. Vətəndaşlar gecələr həyətdə növbə çəkərək problemin həll edilməsini gözləyirlər. Düşünürük ki, sonda ədalət zəfər çalacaq və sakinlər qaçaq həyatına son qoyaraq rahat öz mənzillərinə qayıdacaqlar.
Mövzunu diqqətdə saxlayacağıq. Gələn saylarımızda nmövzu ilə bağlı daha ətraflı məlumat verməyə çalışacağıq.