Bu barədə avtosfer.az saytına hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, həmin sürücü Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydiyyatda olan, Nərimanov rayonu ərazisində yaşayan Fuad Rəsulovdur. Bu gün polisin keçirdiyi tədbirlər nəticəsində həmin sürücünün şəxsiyyəti müəyyən olunub və o, saxlanılıb.
Barəsində İnzibati Xətalar Məcəlləsinin «avtoxuliqanlıq» maddəsi ilə inzibati protokol tərtib olunan Fuad Rəsulovla bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə avtoş sürücü 30 sutkalıq inzibati həbs cəzası ilə cəzalandırılıb.
Qeyd edək ki, videogörüntülərdən də göründüyü kimi, sürücü «peşəkarlıq nümayiş etdirərək” yol boyu maşını arxaya sürüb. Amma bu əməllər birmənalı olaraq avtoxuliqanlıqdır. Çünki sürücü dəfələrlə qəza şəraiti yaradır, sürət həddini aşır, başqa maşınların yoluna çıxaraq onları hərəkət istiqamətini dəyişib yoldan çıxmağa məcbur edir. Hər halda, toy günü bu cür əməllər normal qəbul edilə bilməz. Bu sürücünü toyu yasa döndərmək niyyətli biri kimi də qəbul etmək olar. Təcrübə göstərir ki, son vaxtlar toy kortejlərində qəzalar tez-tez baş verir ki, sonu bədbəxt nəticələrə gətirib çıxarır.
Əldə etdiyimiz başqa bir məlumata görə, 90 XF 766 nömrəsi artıq mövcud deyil. Həmin nömrə yol polisinə təhvil verilib. Ehtimal olunur ki, avtoşluq edən avtomobilin sürücüsü saxta nömrədən istifadə edib. Videodan izlədiyiniz hadisə isə Mərdəkan qəsəbəsində qeydə alınıb.