Heydər Əliyev Fondunun dəstəyi, Rumıniya Əlillərin Hüquqlarını Müdafiə Liqasının və Buxarest şəhərinin 4-cü sektorunun təşkilatçılığı ilə Buxarest şəhərinin “Lumea Copiilor” (“Uşaqların dünyası”) parkında əqli qüsurlu uşaqlar arasında “Şansların bərabərliyi” adlı kross qaçışı üzrə kiçik yarış keçirilib.
Tədbirdə Rumıniyanın idman və gənclər naziri xanım Qabriela Szabo, 4-cü sektorun icra hakimi Kristian Popesku Pyedone, Rumıniyanın tanınmış tennisçisi İliye Nastase, Rumıniya Əlillərin Hüquqlarını Müdafiə Liqasının, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin əməkdaşları, yarışda iştirak edən uşaqların valideynləri, KİV nümayəndələri iştirak ediblər.
SİA-nın məlumatına görə, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyindən bildirilib ki, Rumıniya Əlillərin Hüquqlarını Müdafiə Liqasının sədri Luminitsa Qeorgiu tədbirin əhəmiyyətindən danışıb. O, belə tədbirlərin əlil uşaqların cəmiyyətə inteqrasiyasına yardım olacağını vurğulayıb. Sədr göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev tədbir iştirakçılarına nümayəndəliyin yeddi illik xeyriyyəçilik, humanitar fəaliyyəti barədə məlumat verib. Direktor iki dövlət arasında mövcud strateji tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, nümayəndəliyin bu əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırıb.
Çıxışlardan sonra yarış başlayıb.
Yarışın qaliblərinə medallar, kuboklar, diplomlar və hədiyyələr təqdim olunub.
İştirakçı uşaqlara isə hədiyyələr paylanılıb.
Tədbir Rumıniya KİV-lərində geniş işıqlandırılıb.