Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, millət vəkili Bəxtiyar Sadıqov və BANM-nin kollektivi iştirak edib. Tədbir Xocalı Abidəsini ziyarətlə başlayıb.
Xocalı Abidəsini ziyarət etdikdən sonra Bakı Ali Neft Məktəbində təşkil olunmuş mərasimdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsi tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımızın başına gətirilmiş soyqırımlardan biridir. E.Qasımov ötən əsrlərə və əsrin əvvəllərinə nəzər salaraq, Quba , Bakı , Şamaxı, və bu kimi bir çox soyqırımlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
E.Qasımov vurğulayıb ki, bu soyqırımı həyata keçirən insanlar bu günkü Ermənistanın siyasi elitası olub və ya bu vandalizmi həyata keçirən və törətdikləri vəhşilikləri yüksək fəxrlə qələmə alan və dünya ictimaiyyətinə çatdıran Z.Balayan kimi vandallar Ermənistan dövləti tərəfindən milli qəhrəman adına layiq görülüb.
Millət vəkili Bəxtiyar Sadıqov isə çıxışında bildirib ki, Xocalı soyqırımı XX-əsrdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətlərdəndir. O qeyd edib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarının və xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının səyləri nəticəsində artıq bir çox dünya dövlətlərinin parlamentləri Xocalı faciəsini Soyqırım kimi tanıyıb və pisləyib. O, gəncləri Xocalı faciəsinin dünyada tanıdılmasında aktiv olmağa çağırıb.
Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “ Xocalı Soyqırımı “ filmi nümayiş olunub.