Bakı şəhər bədii özfəaliyyət kollektivlərinin Respublika Gününə həsr olunmuş festivalı başlayıb.Mayın 27-dək davam edəcək festival Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin işinin daha da təkmilləşdirilməsi, özfəaliyyət işinin, milli musiqi və folklor janrının inkişaf etdirilməsi məqsədilə təşkil edilir.
Festivalda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 41 mədəniyyət müəssisəsindən 42 bədii özfəaliyyət kollektivi iştirak edir. Mədəniyyət müəssisələrinin bədii özfəaliyyət kollektivləri festivalda muğam üçlüyü, xalq çalğı alətləri və instrumental ansamblları nominasiyaları üzrə çıxış edəcəklər.
Beş nəfərdən ibarət münsiflər heyəti kollektivlərin çıxışlarını qiymətləndirərək qalibləri müəyyənləşdirəcək. Qaliblər bəstəkar mahnısı, xalq mahnısı, muğam və ən yaxşı ansambl nominasiyaları üzrə mükafatlandırılacaqlar.
Qeyd edək ki, festivalın qaliblərinə mükafatlar mayın 27-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək qala- konsertdə təqdim ediləcək.