Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsindəki tunelə giriş yoxdur.
2012-ci ilin sentyabrında Bakının Nərimanov rayonunda - Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən yeraltı tunel istifadəyə verilmişdi. Mayın 17-si səhər saatlarında təmirə bağlanan həmin tunel bu yoldan istifadə edən sürücüləri olduqca çətin vəziyyətə salıb. Nəticədə həm Həsən Əliyev küçəsinin, həm də Atatürk prospektinin bu hissəsində tıxac meydana gəlib. Biz ərazidə olarkən Nəqliyyat Nazirliyinə məxsus Yolların Mühafizə İdarəsinin əməkdaşları bildirdilər ki, tunelin bağlanmasına səbəb asfalt örtüyünün sıradan çıxmasıdır.
İş icraçıları bildirdilər ki, təmir işləri ilə bağlı tunel bir neçə gün bağlı olacaq.
Ərazidə apardığımız müşahidələr zamanı yolun asfalt örtüyünün bir çox yerində qabarmaların yarandığının şahidi olduq. Tunelin istifadəyə verildiyi müddətdən bəri yol ötürücüsünün bir neçə dəfə təmirə bağlanıb.
“Azəryolservis” ASC-dən isə bildiriblər ki, həmin tunelin bağlanmasına səbəb Həsən Əliyev küçəsinin asfaltlanması, orada təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır. ASC-dən bildirilib ki, tunelin özündə heç bir problem yoxdur, sadəcə maşınların Həsən Əliyev küçəsinə girişinin qarşısının alınması üçün tunelə giriş yoxdur.