Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramının dəstəyi ilə “İctimai işlərdə aktivlik-vətəndaşlıq təhsili” adı altında keçirilən təlimlərdə iştirak edən Xorvatiya, Gürcüstan, Ukrayna, Latviya, Polşa, Çexiya, Almaniya, İtaliya, Rumıniya və Türkiyə Respublikalarından gəlmiş gənclər Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan dövlətinin mədəniyyəti, adət-ənənəsi və qədim Gəncə şəhəri haqqında məlumatlandırılacaq, ölkəmizlə daha yaxından tanış olacaqlar.
Bu münasibətlə keçirilən toplantıda beynəlxalq təlimçi Sebastyan Şvaytser çıxış edərək Azərbaycana, eləcə də 2016-cı ildə Avropa Gənclər Paytaxtı olacaq Gəncəyə səfərindən razı qaldığını bildirmiş və 10 ölkədən gəlmiş gənclərin 2016-cı ildə Avropa Gənclər Paytaxtına hazırlıqla bağlı arzu və təkliflərini bildirmişdir. Qonaq Gəncədə gənclərin asudə vaxtlarının səmərəli keçirmələrində Heydər Əliyev park-kompleksində görülən işləri də yüksək dəyərləndirib.
Sonra “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev yerli və Avropa gəncləri nümayəndələrinə təşkilatın fəaliyyəti və hazırlıq işləri haqda ətraflı məlumat verib.
O, öz çıxışında bildirib ki, Gəncə şəhərinin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilməsi ölkəmiz və şəhərimiz üçün çox böyük uğur, eyni zamanda böyük məsuliyyətdir. 2016-cı il üçün hazırlıq mərhələsində bizim proqramımız əsasən ən aktual olan 5 sahəni-təhsil, gənclərin məşğulluğu, könüllülük, sosial rifah və gənclərin cəmiyyətdə fəal iştirakı məsələlərini əhatə edəcəkdir. Layihənin icrası zamanı ictimaiyyətin geniş iştirakını təmin etmək üçün müxtəlif işçi qrupları və nəzarət şuraları yaradılacaq.
Qeyd edək ki, artıq Avropa Gənclər Paytaxtı layihəsində qalib gəlmiş paytaxt şəhərlərin şəbəkəsi yaradılıb. Gəncə şəhəri “Avropa Gənclər Paytaxtı - 2016” seçildiyi gündən etibarən bu şəbəkənin bütün görüşlərində fəal iştirak edərək Azərbaycanı uğurla təmsil edir.