Xaçmaz və Qusar şəhərlərində Mədəniyyət və Turizm Nazirliyinin və bu rayonların icra hakimiyyətlərinin birgə təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə VII Kitab bayramı keçirilib. SİA-nın məlumatına görə, Xaçmaz şəhərindəki “Şəxsiyyətlər muzeyi”ndə təşkil edilmiş bayram tədbirində oxuculara 600 adda, 2.500-ə yaxın kitab təqdim olunub.
Qusar şəhərindəki Nəriman Nərimanov adına mədəniyyət və istirahət parkında təşkil edilmiş bayram tədbirində isə oxuculara 230 adda, 3200-dən artıq kitab təqdim olunub.
Tədbirdə çıxış edənlər kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik etmiş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından, bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, kitab bayramında oxuculara rəngarəng konsert proqramı və hədiyyələr təqdim olunub.