Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimov, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş rayonlarının ictimaiyyətinin nümayəndələri, dövlət rəsmiləri, eləcə də bir sıra ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Əvvəlcə qonaqlar Laçının işğal görüntlərini əks etdirən stendlərə tamaşa ediblər. Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Türkiyədə kömür mədənində həyatlarını itirən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimov çıxış edərək deyib ki, 1992-ci il mayın 18-də erməni işğalçılar rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib: "İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var. Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb. 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intesiv olaraq ağır artileriya silahlarından rayon mərkəzini atəşə tutublar.
Daha sonra Laçının tarixi və ermənilər tərəfindən işğalına həsr edilmiş "Əsirlikdə qala qalmaz" sənədli filmi nümayiş olunub.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, bu kimi tədbirlərin təşkili ilə çalışmalıyıq ki, Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi həmin hadisələri gənc nəsil bilsin: “Laçın həqiqətən Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən ərazidir: "Laçınlılar türk tayfasına mənsubdurlar və mənşələri türkdür. Rayon 1923-cü ildə şəhər statusu alıb. Hər bir bölgəmizin özünəməxsus təbii sərvəti və adət-ənənələri var. Onlar bir-birindən müxtəlifliyinə görə seçilir. Laçın ərazisi yad ediləndə bir anlıq göz önünə mərdlik gəlir. Laçınlılara Ümummilli Lider Heydər Əliyevin xüsusi münasibəti olub. Bunu cənab Prezident İlham Əliyev 50 yaşı tamam olarkən laçınlılarla keçirdiyi görüşdə də bir daha vurğulayıb. Hesab edirik ki, o qala bərpa olunacaq və öz şöhrətini yenidən qazanacaq, Bizdə hərbi vətənpərvərlik sevgisi və duyğusu daha da çoxalıb".
Əli Həsənovun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səyləri səmərəsizdir: "Bəyəm qarşılıqlı etimad bizdə olmayıb ki, onlar yenidən bu məsələni ortaya atıblar? Ermənilər ən gözəl yerlərdə yaşayıb və bütün yüksək vəzifələrdə də təmsil olunublar. Ermənilər azğın kimi bizə qonşu olan ölkələrin hər birində yaşayırlar. Onlar Laçın rayonunu işğal edərək Dağlıq Qarabağa kolidor yolu açdıqlarını deyirlər. Bizim azərbaycanlılar dünyanın hər bir yerində yaşayırlar. Onda gərək biz də onlardan humanitar koridor tələb edək? Bu gün Azərbaycan Prezidenti Dağlıq Qarabağla bağlı beynəlxalq iyrənc siyasəti görərək ölkəmizin rolunu müəyyənləşdirib. Bu iqtisadiyyatımızın inkişafı və ordumuzun gücləndirilməsidir. Bu gün dünyada ədalətsizliklər baş alıb gedir. Hər bir həmsədr sadəcə olaraq ölkəmizə turist səfəri edir. Onlardan uğurlu hansısa fəaliyyət gözləməyə dəyməz. Azərbaycan xalqı ilə Prezident arasında heç bir boşluq yoxdur. Bunu ölkəmizə gələn bütün xarici qonaqlar da dilə gətirirlər".
Mərasimə bədii hissə ilə yekun vurulub.