Bu gün Lənkəranda Azərbaycan Silahlı Qüvvələrinin korpus komandiri, general-mayor Fikrət Məmmədovun xatirə günü keçirilib. Yerli ictimaiyyətin, məktəblilərin, hərbçinin dostlarının toplaşdığı mərasim generalın bir zamanlar təhsil aldığı Lənkəran şəhər 4 saylı humanitar təmayüllü məktəb-liseydə baş tutub. Tədbir generalın məktəbin həyətindəki büstünün ziyarət olunması ilə başlandı. Daha sonra tədbirdə çıxış edənlər general-mayor Fikrət Məmmədovun qısa, lakin mənalı keçən ömür yolundan söz açdılar.
Bildirildi ki, 1961-ci ildə Lənkəranda dünyaya göz açan Fikrət Məmmədov indiki şəhər 4 nömrəlı humanitar təmayüllü məktəb-liseyi bitirib. Sonra, 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub. 1985-ci ilin avqust ayından Əfqanıstan Demokratik Respublikasında desant qırıcı tağım komandiri, desant qırıcı bölük komandiri vəzifələrində xidmət edən Fikrət Məmmədov təhsilini daha sonra Moskvada Frunze adına Hərbi Akademiyada davam etdirib. 1993-cü ildən müstəqil Azərbaycan Ordusunun tərkibində birbaşa cəbhəyə yollanıb. N saylı briqadada qərargah rəisi vəzifəsində çalışıb. Az sonra o, briqada komandiri təyin olunub. 1995-ci ildə Fikrət Məmmədov artıq Birinci Ordu Korpusunun qərargah rəisi, 1998-ci ilin mayında isə general-mayor rütbəsi verilməklə Üçüncü Ordu Korpusunun komandiri vəzifəsinə təyinat alıb. “Qırmızı Uldiz”, “Azərbaycan Bayrağı” və digər döyüş orden və medalları ilə təltif olunan Fikrət Məmmədov 2002-ci il mayın 15-də xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında faciəli şəkildə həlak olub. Mərasim şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.