Onun sözlərinə görə, "Kövsərbank" islam bankçılığı qaydaları ilə fəaliyyət göstərmək niyyətindədir: "İslami qaydalarına əsasən faiz haram sayıldığına görə, əhalidən əmanətləri adi qaydada qəbul etməyəcəyik. Adamlar banka əmanəti investisiya kimi yatıracaqlar".
İbrahimovun sözlərinə görə, banka əmanət qoymaq istəyənlər onu ya bankın maliyyələşdirdiyi layihələrə investisiya kimi yatıracaqlar, ya da pul yatırmaqla bankın səhmdarı olacaqlar.
Qeyd edək ki, "Kövsərbank"ın bank lisenziyası bir qədər əvvəl bərpa edilib. 2010-cu ildə bankın lisenziyası ümumi kapitala minimum tələblərin yerinə yetirilməməsinə, bank qanunvericiliyində yol verilən pozuntulara, həmçinin etibarlı və prudensial qaydada idarəetmənin və cari fəaliyyətin həyata keçməməsinə görə ləğv edilmişdi. Amma 2013-cü ilin aprelində bank səhmdarının müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin "Kövsər Bank" ASC-nin müflisləşməsi haqqında qətnaməsinin ləğv edilməsinə dair qərar çıxarıb. Bununla əlaqədar olaraq Azərbaycan Mərkəzi Bankı (AMB) "Kövsər Bank"ın lisenziyasını aprelin 9-da bərpa etməli olub.