Manisada baş verən faciə ilə əlaqədar Cümhuriyyət Xalq Pariyasından (CHP) olan millət vəkili Özgür Özəl açıqlama verib.
O deyib ki, son rəsmi məlumata görə, mədən faciəsində ölənlərin sayı 350-yə çatıb.
Onun sözlərinə görə, xilasedicilər daha 60-70 nəfərin cəsədini tapıb. Lakin, onları hələlik mədəndən çıxarmaq mümkün olmayıb.
15:45
Türkiyənin Manisa vilayəti Soma qəsəbəsindəki kömür mədənində baş vermiş partlayışda ölənlərin sayı artmaqdadır.
Bu barədə Türkiyənin Mədən Mühəndisləri Palatasının keçmiş sədri Mehmet Torunun son açıqlamasında bildirilib.
Onun sözlərinə görə, bu ana qədər partlayışın baş verdiyi mədəndən 250-yə qədər şaxtaçının cəsədi çıxarılıb.
M.Torun faciənin mədən yaxınlığındakı tranformatorun partlamasına görə deyil, şaxtada toplanmış kömürün öz-özünə yanması səbəbindən baş verə biləcəyini də istisna etməyib.
13:04
Türkiyənin Manisa şəhərində kömür mədənində baş verən partlamadan sonra xilasetmə tədbirləri hələ də davam etdirilir.
Hər keçən saatda ölü sayı bir az daha artır. Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız açıqlama verərək bildirib ki, ölənlərin sayı 205-ə çatıb.
Xilasedicilərdən biri mətbuata açıqlamasında deyib ki, mədəndə hələ də 300-400 nəfər qalıb. Buna görə də ölü sayının hələ də artacağı gözlənilir.
Faciə ilə əlaqədar Türkiyənin Baş Nazirliyi 3 günlük matəm elan edib. Buna görə bayraqlar yarıya qədər endiriləcək.
09:59
Kömür mədənindəki transformatorun partlaması nəticəsində həlak olan şaxtaçıların sayı 201 nəfərə çatıb.
Bu barədə təcili olaraq, hadisə yerinə yollanan Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız məlumat verib.
Onun yerli vaxtla səhər saat 5:00-da verdiyi açıqlamada həlak olanların sayının 201 nəfərə çatdığı qeyd olunub.
Məlumata görə, mədəndəki 598 şaxtaçının növbə dəyişdirdiyi zaman 600 metr yaxınlığındakı tranformatorun partlaması nəticəsində baş verən yanğın nəticəsində tunelləri qatı tüstü bürüyüb.
Bir müddət sonra şaxtaya oksigen püskürdülsə də, faciə qurbanlarının sayını minimum həddə saxlamaq mümkün olmayıb.
Soma faciəsi ilə əlaqədar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xarici səfərlərini və digər protokol planlaşdırmalarını təxirə salıb.
Onun bu gün Somaya gələcəyi bildirilib.