“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, “Alstom Transport SA” ilə imzalanan Memoranduma əsasən Bakı Metropoliteninin istər yeni inşa olunan “Bənövşəyi”, istərsə də əvvəlki (“Yaşıl” və “Qırmızı”) xətlərində istifadə edilmək üçün yeni, müasir vaqonların alınması nəzərdə tutulub.
“BOUYGUES TRAVAUX PUBLİCS, LLS” ilə “Bakı Metropoliteni” QSC arasında imzalanan 2 Anlaşma Memorandumunun ilkində 28 May stansiyasının yenidən qurulması (Qırmızı və Yaşıl Xətlərin ayrılması) işlərinin görülməsi nəzərdə tutulub.
Qeyd edək ki, Qırmızı xətlə (“Həzi Aslanov” – “İçəri Şəhər” stansiyaları arası) Yaşıl xətt (“Dərnəgül” – “Xətai” stansiyalaı arası) “28 may” stansiyasında kəsişir və bu da öz növbəsində hər iki xətt üzrə hərəkət edən qatarların sərbəst hərəkət etməsində müəyyən çətinliklər yaradır.
Digər Memoranduma görə isə Yaşıl xəttin davamı olaraq “Xətai” stansiyası ilə “Həzi Aslanov-2” stansiyası arasında bir neçə stansiyanın inşası nəzərdə tutulub.
Növbəti 2 Anlaşma Memorandumu isə “THALES S.A” şirkəti ilə imzalanıb. Birinci sənəd Bakı Metropoliteninin texnoloji cəhətdən gücləndirilməsi istiqamətində əməkdaşlığın əsasını qoymaq məqsədilə imzalanıb.
Belə ki, “Bənövşəyi” xətdə (“Avtovağzal”, “Memar Əcəmi-2” st.) inşa olunan stansiyalarda işarəvermə və idarəetmə sistemlərinin tətbiqi üçün son texnoloji avadanlıqlardan istifadə edilməsi planlaşdırılır.
Həmçinin gələcəkdə inşa olunacaq yeni stansiyalarda da bu sahədə mövcud ən müasir avadanlıqların, işarəvermə və idarəetmə sistemlərinin tətbiq olunması nəzərdə tutulub.
Digər sənəddə isə təlim və tədris proseslərinin həyata keçirilməsi nəzərdə tutulub. Tərəflər bu Anlaşma Memorandumunu həyata keçirməklə Bakı Metropoliteninin təlim və tədris imkanlarının inkişaf etdirilməsi məqsədi ilə əməkdaşlığı gücləndirmək arzusundadırlar.
Qeyd edək ki, “Alstom Transport SA”, “BOUYGUES TRAVAUX PUBLİCS, LLS”, “THALES S.A” şirkətləri ilə imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün adıçəkilən şirkətlərlə qarşılıqlı əməkdaşlıq edilməsi və 2-3 ay müddətində müvafiq müqavilələrin imzalanması nəzərdə tutulub.