İnsanların çoxuna “ətraf mühiti kirlətməyin o kirlənmə canımıza qayıdacaq” deyəndə onlara gülməli gəlir. Yaxud zərərli məhsullardan danışanda onun ziyanını həmin anda hiss etmədiklərindən qulaqardına vururlar. Halbuki gülüb keçdiyimiz zərərli maddələr zamanla bizim sonumuza səbəb olacaq.
Bu gün kütləvi satışda olan məişət məhsullarının çoxunun tərkibi toksiki maddələrlə zəngindir. Bu maddələr arasında kimyəvi, eləcə də ağır metallar da üstünlük təşkil olunur. Ağrılı orasındadır ki, xaricdən(əsasən Çindən) bolluca gətirilən məhsul içərisində uşaqlarımızın istifadəsi üçün nəzərdə tutulan dərs(kəskin qoxulu plastilin, rəngi çıxan karandaşlar, ovulan pozanlar) əyləncə məhsulları, oyuncaqlardır. Eləcə də, qazanlar, çaydanlar və istifadə etdiyimiz çəngəl, bıçaqlar da Çinin naməlum zavodlarında istehsal olunaraq bizim mətbəximizə daxil olur. Hətta keyfiyyətsiz içkilərin çoxu da ağır metallarla zəngindir. Ucuzdur deyə, alınan bu məhsullar bəlkə də neçə-neçə insanın orqanizmində pozğunluqlar meydana çıxarır, nəticədə isə əsil səbəblər gizlində qalır. Çünki həkimlərin belə ağır metallarla zəhərlənmə diaqnozunu qoymaq ağlına da gəlmir. Bu barədə həm səhiyyə orqanları, həm də qeyri-hökümət təşkilatlarının işi heç ürəkaçan deyil.
Ağır metalların içindəki həyatımız
Ağır metallar əvvəldə də dediyim ki, ətraf aləmdə mövcuddur. Bu təbii şəkildə olduğu qədər, insan amilinin rolu nəticəsində də bir az da çoxalır. Ən əvvəl yarım əsrdir texnologiyanın sürətli inkişafı, insanlar üçün rahat həyat gətirsə də, sənayenin ortaya qoyduğu zərərlər insanın həyatı bahasına başa gəldi və indi də gəlir. Yəni, insanlar sağlam canlarını daha konfortlu həyata “satırlar”. Misal üçün, ABŞ kimi böyük dövlət il ərzində istehsalat nəticəsində ətraf aləmə 300 milyon ton təhlükəli məhsul tullayır. Azərbaycanda vəziyyət isə nəzarətsizlik üzündən daha bərbad vəziyyətdədir. Ən əvvəl insanlar tullantı, zibilini atmaq mədəniyyəti barədə maarifləndirilmir. Ölkədə il boyu adambaşına düşən zibil tullantısı 350 kq-a bərabər olduğu halda, bu zibilin çeşidlənməsi, zərərli maddələrdən təmizlənməsi, yenidən emalı məsələsi çözülmür. Balaxanı zibiltoplama poliqonunda tikilən zavod isə tam istifadəyə verilməyib. Ekoloq Müslüm müəllimin fikrincə, insanlar zibillərini artıq evindəcə lazımı çeşidləmə ilə aparsa, zəhərli, toksik məhsullar da sonradan torpağa qarışmaz. “Ağır metalların insan orqanına düşməsi və yığılması ekoloji tarazlığın pozulması, ətraf mühitin çirklənməsindən başladılır. Kirli şəhər havasında da ağır metallar, birləşmələr var. İnsanların bu sahədə təbliğata böyük mənada ehtiyacı var.”
Ağır metalları “yesək”
Gündəlik həyatımızda ağır metallardan civə, qurğuşun, alminium, nikel, kadmiyum bizə yaxındır. İstifadə etdiyimiz məhsullar və ya yediyimiz qida, udduğumuz hava, içdiyimiz hava ilə də orqanizmimizə daxil ola bilir. Hədindən artıq bu ağır metallarla təmasımız və ya orqanlarımızda toplanması ölümə belə gətirə bilər. Alminium-mətbəx qablarında, suda, dərmanlarda var ki, böyük həcmdə bu metal insanın sinir sistemində, tənəffüs yollarında ciddi pozğunluq meydana gətirə bilər. Arsen-siqaret, yenə qida məhsullarında ola bilər ki, bu da qaraciyər və bağırsağı sıradan çıxarar. Araşdırmaçıların fikrincə, böyük sərkərdə Napaleonun saç tellərində normadan 30 dəfə çox arsenin aşkarı onu göstərir ki, o zəhərlənmə nəticəsində ölüb.
Sink-oyuncaqlarda, istifadə etdiyimiz dezodrantlarda, dişin düzəldilməsində lazım olan qarışıqlarda qarşımıza çıxır. Onun yüksək səviyyədə olması orqanlarımıza zərərlidir.
Kadiyum ən təhlükəli metaldır. Bu kalsiyum kimi sümüklərə sorulur. Artıq depolanması insanın sümüklərini o qədər kövrək edir ki, öskürən insanın belə sümüyü düşən güç nəticəsində qırıla bilər. Xüsusiylə, kirli şəhər havasında yaşayanlar zərər görürlər. Böyrək daha çox zədələnir.
Civə, qurğuşun də ən qorxulu ağır metaldır. Onlardan da istehsalatda istifadə geniş yayılıb. Amma insanla təması ağır fəsadlar, ölümə yol açar. Misal üçün, ən böyük civə fəlakəti 1932-55-ci illərdə Yaponiyanın Minimata sahilində baş verib. Kimyəvi zavodda dağılan zivə suyun kirlənməsinə, 100-lərlə insanın ölümünə səbəb olub. Fəlakətin aradan qaldırılması onillərlə davam edib.
İndinin də özündə dəniz məhsullarında, geniş yayılan balıqların orqanında ağır metallara rast gəlmək olar. İnsanların öz səhvi ucbatından suda yaşayan heyvanlar da zəhərlənməyə məruz qalır, balıq sevən və yeyənlər də bilmədən bu zəhərlənmdən payını alır. Civə, qurğuşun beyin hüçeyrələrində toplanmağa meyillidir. Sinir sistemini dağıdır, sağalmaz xəstəlik və ölümə yol açır.
Nikel də geniş yayılmış metaldır. Nikel daha çox torpaqda, qrunt sularında toplanır. Belə torpaqda yetişən meyvə, tərəvəzlər də nikeli canına çəkməkdə “mahirdir”. İnsanların belə məhsulla qidalanması ağciyər, tənəffüs sistemi xəstəliklərinə yol açır.
Bu arada dermatoloq Aytən xanımın tövsiyyəsini qeyd edərdim. “Torpaqla oynayan uşaqların əllərinin yaxşı yuyulmasını məsləhət görürəm. Ağır metallar torpaqla da insana nüfuz edə bilir. Uşaqların ucuz əşyalarla, oyuncaqlarla oynamasına göz yummaq olmaz. Belə məhsullar uşağın həssa dərisində qızartı, yaralar meydana çıxar bilər.”
Zəhərlənmə olsa...
İşdir, ağır metallarla zəhərlənmədə şübəli vəziyyət yaransa, xəstə təcili saç, dəri, nəcis, qandan xüsusi testlər edilməlidir. Dünya təcrübəsinə əsasən, hər ölkədə belə zəhərlənmə qeydə alınır, insan bədənin təcili təmizlənməsi işi başladılır, nəzarət artırılır.
Azərbaycanda isə ağır metallarla zəhərlənməni aşkarlayan xüsusi laboratoriya yoxdur. Xarici ölkələrdə bu qəbildən laboratoriyalar əsasən ədliyyə orqanlarının nəzarətində olur. Çünki insanların süni şəkildə ağır metallarla gizlicə zəhərləndirilməsi halı da xeyli yayılmış cinayətlərdəndir.
Bu arada qeyd edim ki, Respublika Toksikoloji Mərkəzin həkimləri Niğar, Tünzalə, Mahir adlı tibb işçiləri ən elementar və təbliğatxarakterli suala cavab verməyə can çəkdilər. Həkimlərin belə biğanə davranışı ümumi mənzərəni yaxşıca aydın edir. Amma apardığım kiçik araşdırma ilə metal zəhərlənməsinin əlamətlərini sizlərə bildirmək istəyərdim. Zəhərlənmə qəfildən çox, tədricən baş verir. Eşitmə, dinləmə, qavrama vərdişləri itir, zehni gerilik davranışda özünü göstərir. Autizm xəstəliyinin əsas səbəblərindən biri elə ağır metal zəhərlənməsidir.
“Ağır metalların...” yeganə və barmaqarası məhkəməsi
Günümüzdə ağır metallar vurdurulması məcbur olan (“immunoproflaktika” haqqında qanunda könüllü və imtina edilməsi məsələsi qeyd olunsa belə) peyvəndlərin də tərkibində var. Bu artıq sübuta yetirilmiş və hətta dünya Səhiyyə Təşkilatlarının da sənədlərində əksini tapan faktdır.
Dörd yaşlı Rəfael də ağır metallarla zəhərlənib. Hazırda onun bədənində qurğuşunun miqdarı normadan 16 dəfə çoxdur. Bu uşaq vaxtiylə normal həyatını sürdürüb, amma yaş yarımda ona yüksək dozada vurulan peyvəndən sonra davranışı(özünə qapanıb) dəyişib, hazırda autizm sindromlu xəstədir. Uşağın ağır metal zəhərlənməsi Azərbaycandan kənarda təsdiqlənib. Valideyni Əhməd Rəhmanov isə oğlunun autizm xəstəliyə tutulmasından sonra Səhiyyə nazirliyi qarşısında suallar qoyub. Ən azı peyvəndlərin tərkibi barədə dəqiq məlumata yiyələnməsini istəyib. İş məhkəməyə qədər gedib çıxıb. Ötən yaydan başlayan məhkəmə dəfələrlə cavabdeh tərəfin səhlənkarlığı ucbatından uzadılıb. İddiaçı tərəf olan ata övladının məhz sonuncu peyvənddən sonra ağır metallarla zəhərləndiyini desə də, qarşı tərəf autizmin genetik xəstəlik olduğunu sübuta yetirməyə çalışır. Elə məhkəmə iclaslarında Səhiyyə nazirliyinin təmsilçiləri əsas və vacib məsələ olan peyvəndlərin naməlum tərəfini izah etmək əvəzinə autizm xəstəliyindən danışıblar. Uşağın ağır metallara məruz qalmasının peyvədlərlə əlaqədar olmasının deyil, valideynlər tərəfindən ötürüldüyünü bəyan ediblər. Əhməd Rəhmanovun “Qafqazinfo” ya verdiyi məlumata görə, ötən həftə məhkəmə cavabdeh tərəfin “uğuru” ilə nəticələnib. “Yenə də mənə lazım olan suallar cavabsız qaldı. Məqsədim Azərbaycana gətirilən peyvəndlərin standarta uyğun olmadığını və ağır metallarla zəngin və çoxdozalı olmasını sübuta yetirmək idi. Əlimdə kifayyət qədər Dünya Səhiyyə Təşkilatının məlumatları belə var. Amma məhkəmədə qarşı tərəfin eksperti qismində çıxış edən ATU-nun pediatriya fakültəsinin dosenti Həsənquliyeva Gülarə xanım da autizmin genetik xəstəlik olduğunu dedi və ağır metallarla zəhərlənmənin peyvəndlə ola biləcəyini mümkünsüz hesab etdi. Orada mənə bu il üçün Azərbaycanın peyvənd sifarişi də göstərildi. Biz tərəfdən də ekspert qismində şəxslər vardı. Amma təəssüf ki, həmin şəxslər öz işini itirməmək hesabına ürəklə çıxış etməkdən məhrum idilər. Bir sözlə məhkəməmiz uğursuz oldu. Uşaqların ağır metallarla zəhərlənməsi isə davam edir. Səhiyyə Nazirliyinin cəsarəti olsaydı, dəfələrlə göstəriş olmasına baxmayaraq xəstəxana, poliklinikalarda peyvəndlərin tərkibi barədə məlumat verilərdi və ya divardan asılardı. Həkimlərin çoxu belə peyvəndin tərkibi və ya onun dozasını dəqiq bilmirlər.”
Ağır metallarla “doğulan” peyvəndlər
Azərbaycan peyvənd barəsində “ağa deyir sür dərəyə, sür” misalına uyğun hərəkət edir. Maraqlısı ondadır ki, bu boyda ölkədə bu qədər həkim, alim ola-ola biri peyvəndlərin tərkibi ilə bağlı dəqiq araşdırma təqdim edə bilmir, cəsarət göstərmir.
İllərdir, peyvəndlərin tərkibi ilə bağlı qalmaqallı açıqlamalar isə səngimir. Sonuncu ABŞ-lı mütəxəsis, Şərq təbabəti üzrə həkim Mark Sirkusun araşdırması isə maraq doğurur. İstəyən şəxs bu müəllifin peyvəndlərin tərkibi barədə məlumatı rus dili versiyasında oxuya bilər. Sadəcə qısa şəkildə o qeyd olunur ki, peyvənd preparatlarının tərkibində konservant rolu oynayan timerosal(orqanik civə) doğrudanda insan, eləcə də uşaq beyninu dağıdır. Onun nevroloji təsiri sən demə, hələ 1930-cu illərdə artıq məlum imiş. Bu açılan arxivlərdən ortaya çıxıb. Zaman keçsə də, ağır metalla zəngin dərmanlar hələ də insanlara yeridilir. Araşdırma onu göstərir ki, “peyvənd ixtirası tibbin böyük səhvidir.”
P.S. Azərbaycana gətirilən məhsulların çoxunun uyğunluq sertifikatı yoxdur. Durub Dövlət Standartlaşdırma, Metrologiya və Patent Ağentlindən soruşsaq ki, keyfiyyətsiz, ağır metallarla zəngin məhsul bazar, mağazaları götürüb gedir. Cavab olacaq ki, monitorinq elə, reyd belə. Bunun üçün axtarışa ehtiyac yoxdur, hər yerdə canımıza düşmən məhsul satılır. Ağentliyin rəsmi saytı isə camaata “Diqqət! Diqqət! Təhlükəli Məhsul” olarsa bizə, xəbər edin deyir. Bu xəbər, reallıq. SOS-u da siz verin.
Raminə Eyvazqızı