80 000-dən çox olan sakin xidmətlərdən istifadə edə biləcək.
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.
2014-cü ilin 14-23 may tarixində Şirvan şəhərinin 80 000-dən çox olan sakini Səyyar “ASAN xidmət”dən Şirvan şəhərində yararlana biləcək.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Qeyd edək ki, 2014-cü ilin dekabr ayına qədər Səyyar “ASAN xidmət” vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.