Bu sözləri “Axar.az”a açıqlamasında Məmməd Əmin Rəsulzadənin 130 illiyi münasibətilə Bakıdan bir qrup gəncin Ankaraya səfərini təşkil edən “Gənclər klubu” İctimai Birliyinin həmtəsisçisi Zaur Əkbər dedi. Onun sözlərinə görə, hər il təşkil edilən bu səfər bu il daha möhtəşəm şəkildə qurulacaq: “Cümhuriyyətin 96 illiyi və Rəsulzadənin 130 illiyi tamam olur. Prezidentin də 130 illiklə bağlı sərəncamı var. Bunları nəzərə alaraq Ankarada böyük yürüş-mitinq təşkil edəcəyik”. Z.Əkbər qeyd edir ki, tədbirdə iştirak etmək sərbəstdir. İstəyən hər bir şəxs bu fürsətdən istifadə edə bilər: “Məqsədimiz Rəsulzadənin məzarını ziyarət etmək, bayram tədbiri təşkil etməkdir. Rəsulzadənin doğum günü ilə əlaqədar təşkil ediləcək yürüşə qardaş ölkədəki soydaşlarımız da dəstək verəcək”. “Gənclər Klubu” İB tərəfindən təşkil olunan tədbir “28 May Cümhuriyyət Yürüşü” adlı fərqli və orijinal layihəsini təqdim edir. Bu məqsədlə mayın 26-da Bakıdan Ankaraya böyük nümayəndə heyəti yola düşəcək. Ankaraya getmək üçün iki avtobus nəzərdə tutulub: “Heyətin tərkibinə fəal gənclər, ziyalılar, mətbuat nümayəndələri daxildir. Ankaradakı yürüşə Türkiyədən azərbaycanlı tələbələr və ziyalılar qoşulacaq. Ankarada müxtəlif universitetlərdə təhsil alan tələbələr, o cümlədən Rəsulzadə irsinin araşdırıcısı Cəmil Ünal da yürüş-mitinqdə iştirak edəcək. Mayın 28-də Rəsulzadənin məzarına yürüş olacaq”. Ankaradakı mitinqə iştirak etmək və M.Ə.Rəsulzadənin məzarını ziyarət etmək istəyənlərin may ayının 17-nə qədər müraciət etmələri məsləhətdir. Səhayət zamanı hər kəs yol və qalma xərclərini özü ödəyəcək. Əlavə məlumat üçün: 055 875 58 27, 055 753 14-64 nömrələri ilə əlaqə saxlamaq olar.