Bu ilin aprel ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 0,1% artıb, emal sənayesi üzrə isə 0,4% aşağı düşüb.
Aprel ayında mədənçıxarma sənayesi bölməsində daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 6,3% ucuzlaşıb, metal filizlərinin hasilatı üzrə 3,0%, xam neft və təbii qaz hasilatı üzrə isə istehsalçı qiymətləri 0,1% bahalaşıb.
Aprel ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 5,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 4,1%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 3,8%, tütün məmulatlarının istehsalı üzrə 0,9%, neft məhsullarının istehsalı və mebel istehsalı üzrə 0,8%, tikinti məmulatlarının istehsalı üzrə 0,4%, geyim istehsalı üzrə 0,3%, əczaçılıq məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,2% ucuzlaşıb, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 3,6%, toxuculuq sənayesi üzrə 3,0%, metallurgiya sənayesi üzrə 1,6%, qida məhsullarının istehsalı üzrə 1,2%, maşın və avadanlıqların istehsalı üzrə 1,1%, kimya sənayesi üzrə 1,0%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,8%, kağız və karton istehsalı üzrə isə istehsalçı qiymətləri 0,7% bahalaşıb.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.