Süd məhsullarının insan sağlamlığı üçün nə qədər faydalı olduğu hamıya məlumdur. Bu məhsullar sırasında kəsmik ən xeyirli qidalardan biri sayılır. Belə ki, kəsmik yaşından asılı olmayaraq uşaqların, cavanların, yaşlı insanların qida rasionunua daxil edilə bilər və daha dəqiq ifadə etsək, sağlamlığının qayğısına qalan insan kəsmikdən müntəzəm istifadə etməlidir.
Kəsmik öz tərkibinə görə fosfor, xüsusilə də kalsiumla zəngindir. Onun tərkibində xeyli miqdarda zülal var.
Qaraciyər xəstəliklərinin profilaktikası üçün kəsmik ən xeyirli qida məhsullarından biridir. Tərkibindəki amin turşularının sayəsində kəsmikdən istifadə etməklə qaraciyər problemlərindən yaxa qurtarmaq mümkündür.
Kəsmiyin tərkibindəki B qrup vitaminlərlə isə ateroskleroz xəstəliyinə qarşı mübarizə aparmaq olar.
Artıq çəkidən azad olmaq, arıqlamaq üçün bir çox kəsmik pəhrizləri mövcuddur. Bu məqsədlə istifadə edildikdə yağlılığı az olan kəsmiklərə üstünlük vermək məsləhətdir. Yağlılığı az olan kəsmik maddələr mübadiləsinin tənzimlənməsində xüsusi rol oynayır.
Kəsmik sümüklər və dişlər üçün olduqca faydalıdır. Osteoporoz xəstəliyindən əziyyət çəkənlər üçün kəsmik ən effektli qida məhsuludur. Osteoporoz skeletin metobolik xəstəliyi olub, sümük toxumasının zədələnməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən, sümüklərin sıxlığının azalması ilə müşayiət olunan xəstəlikdir.
Bu faydalı qida məhsulu həmçinin ürək, böyrək, yüksək qan təzyiqi xəstəliklərinin profilaktikasında böyük rol oynayır.
Kəsmiyin insan orqanizminə xeyirlərindən biri də sinir sisteminə müsbət təsir göstərməsidir.
Xüsusi hazırlanmış kəsmik körpələrin altı aylıq dövründən sonra normal inkişafları üçün olduqca faydalıdır.
Hamilə qadınların qida rasionunda kəsmiyin olması dünyaya gələcək körpənin sağlamlığı üçün vacib şərtlərdəndir.
Kəsmikdən kosmetik vasitə kimi də istifadə edilə bilər. Quru dəri üçün 2 xörək qaşığı yağsız kəsmik, eyni miqdarda zeytun yağı və bir xörək qaşığı naringi şirəsi qarışdırılır, üzə çəkilir, 30 dəqiqə saxlanıldıqdan sonra ilıq su ilə yuyulur.
Yağlı dəri və saçlar üçünsə 2 xörək qaşığı yağsız kəsmik, 1 çay qaşığı bal, 1 yumurtanın sarısı qarışdırılır, saçlara və üz dərisinə çəkilir, 30 dəqiqə saxlanıldıqdan sonra ilıq su ilə yuyulur.
Digər faydalı qida məhsulları kimi kəsmikdən də qədərində istifadə etmək lazımdır. Əgər başqa süd məhsullarından istifadə edilməzsə, gündəlik 150-200 qram kəsmik norma kimi qəbul edilə bilər.
Bir məsələni xüsusilə nəzərə almaq lazımdır ki, mənşəyi, hazırlanma şəraiti məlum olmayan, saxlama müddəti ötən kəsmik sizin sağlamlığınıza ciddi ziyan verə bilər. Kəsmik alarkən bunları mütləq nəzərə almaq lazımdır.