İyunun 3-6-da Bakı Ekspo Mərkəzində Xəzəryanı regionunun energetika sektorunun ən böyük tədbiri sayılan XXI Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2014” (“Caspian Oil and Gas 2014”) sərgi və konfransı keçiriləcək.
Sərginin təşkilatçısı olan “İteca-Caspian” şirkətindən SİA-ya verilən məlumata görə, hər il “Caspian Oil and Gas” sərgisi neft və qazın hasilatı və emalı, eləcə də nəqletmə və loqistika da daxil olmaqla, servis xidmətləri sahəsində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün neft sənayesinin aparıcı mütəxəssis və liderlərini bir araya gətirir.
Sərginin təntənəli açılış mərasimində ənənəvi olaraq Azərbaycan Prezidenti İlham Əliyevin iştirak edir. Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən isə “Caspian Oil and Gas” layihəsinə dəstək göstərilir. Sərgi və konfransın təşkilatçıları qismində “ITE Group plc” və onun tərəfdaşı - “Iteca Caspian” şirkətləri çıxış edirlər.
Bu il sərgidə dünyanın 28 ölkəsindən 400-dən çox şirkətin iştirakı gözlənilir. Sərgi sahələrinin 70%-dən çoxu dünyaca məşhur şirkətlər tərəfindən tutulub. Onların arasında “Əsrin Müqaviləsi”nin iştirakçıları ilə yanaşı, sərgi və konfransın daimi iştirakçılar da var. Bu il sərgidə Böyük Britaniya, Almaniya, İtaliya, Çin, Rusiya, ABŞ və Fransadan səkkiz milli qrup iştirak edəcək. Sərgidə debütantların sayı 20% təşkil edir. Ümumilikdə isə sərgi iştirakçılarının 21%-ni təşkil edən və əvvəllər heç vaxt Azərbaycan bazarına çıxmayan yeni şirkətlər olacaq.
Qeyd edək ki, sərgi çərçivəsində Bakıda Beynəlxalq “Caspian Oil and Gas” konfransı da təşkil olunacaq. Bu il konfrans iyunun 4-5-da təşkil olunacaq. Hər il keçirilən bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500 nəfərdən çox nümayəndə iştirak edəcəkr. Builki konfransda dövlət strukturlarını təmsil edən 50-dən çox nümayəndənin, eləcə də müxtəlif dünya ölkələrindən aparıcı neft-qaz ekspertlərinin və iri neft-qaz şirkətlərini təmsil edən rəhbərlərin çıxışı gözlənilir.