Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator Xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 3961 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox), Kommutator Xidmətinə isə 5600-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 5023 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş 8984 müraciətin 6220-si (müraciətlərin əksəriyyəti sorğu xarakterli olub) dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1678 vətəndaşdan ərizə (661 ədəd), məktub (794 ədəd) və digər sənədlər (223 ədəd) qəbul olunub və qeydiyyata alınıb. 1035 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların şikayət xarakterli 51 müraciəti isə xüsusi proqram vasitəsilə qeydiyyata alınaraq araşdırılması üçün nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib. Onlardan 41-i ümumtəhsil məktəblərinin (Bakı şəhərindəki məktəblərin fəaliyyəti ilə əlaqədar 28 müraciət daxil olub) fəaliyyətinə aid olan müxtəlif məsələlərlə bağlıdır.
Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin alınması, diplomların tanınması üçün tələb olunan sənədlərin siyahısı, ali təhsil və ümumi təhsil ilə bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, ötən ay Telefon Məlumat Mərkəzinə ən çox həftənin bazar ertəsi (830 zəng), çərşənbə axşamı (924 zəng) və çərşənbə (846 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (1209 müraciət) və çərşənbə günləri (1150 müraciət), əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:30-dək müraciət edilib.