Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası tədbirlərinə dəstək olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) könüllü qanvermə aksiyasına başlanılıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, humanitar aksiyaya mayın 7-də ƏƏSMN-in Mərkəzi Aparatında start verilib və növbəti mərhələlərdə aksiya regionlarda nazirliyin yerli strukturlarında davam etdiriləcək. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə keçirilən tədbir Mərkəzi Aparatın kollektivinin yüksək fəallığı şəraitində keçib. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları ilk öncə donorların sağlamlıq vəziyyətini müəyyən ediblər.
Aksiyada qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkli Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən etibarən həyata keçirilən "Talassemiyasız həyat naminə" proqramı ölkəmizdə qan bankının yaradılmasına, talassemiya xəstəliyi olan uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatına xidmət edir. Proqram çərçivəsində aparılan işlərin müsbət nəticəsi kimi respublikada könüllü donor xidməti xeyli inkişaf edib. Belə tədbirlərdə iştirak edərək könüllü qan vermək vətəndaşlıq borcundan irəli gələn nəcib və savab bir əməldir. Götürülən qan nümunələrinin laboratoriyada müayinə edildikdən sonra talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə ediləcəyi bildirilib.