Fevralın 22-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın hazırlanması ilə bağlı təqdimat keçirilir. Tədbirdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və digər şəxslər iştirak edib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov deyib ki, prezidentin sərəncamı ilə təsdiq edilmiş dövlət proqramının əsas məqsədi rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması olub. O bildirib ki, ölkə başçısının “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” imzaladığı fərman bir müddət əvvəl başlanılan bu işin sürətlənməsinə və layihənin həyata keçirilməsinə olan inamı daha da artırıb: “Dövlət proqramına ərizələrin elektron şəkildə qəbulu məhz bu istiqamətdə atılan mühüm addımlardan biridir”.
M.Mərdanov xatırladıb ki, bu günə kimi dövlət proqramı çərçivəsində 1800-dən artıq gənc xaricdə təhsil almağa göndərilib.
“Xaricdə təhsil almaq istəyən tələblərdən həddən çox sənəd tələb olunur”. Bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O qeyd edib ki, dünyanın heç bir yerində tələbədən 30-40 sənəd tələb olunmur. “Bu, qaydaya salınmalı və sistemləşdirilməlidir”.
“Xaricdə təhsil alan 144 tələbənin maliyyələşdirilməsini dayandırmışıq. Çünki onlar bu günə kimi hər kursu bitirmələri ilə bağlı sənədləri təqdim etmirlər”. Modern.az xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini Qulu Novruzov deyib. O, qeyd edib ki, indiyə kimi dövlət hesabına xaricdə oxuyan tələbələrdən 435 nəfəri məzun olub.
Nazir müavini xaricə göndərilən tələbələrlə bağlı Təhsil Nazirliyinin Dövlət Neft Şirkətindən fərqləndiyini bildirib.
“Belə ki, tələbənin nazirlik qarşısına heç bir öhdəçiliyi yoxdur. Çünki o, Azərbaycan hökuməti ilə müqavilə bağlayıb gedir. Amma Dövlət Neft Şirkəti tələbələr qarşısında evlərini ipoteka kimi qoymasını istəyir ki, onlar qayıdıb gələndən sonra Azərbaycanda hər hansı yerdə işləsinlər”.
Qulu Novruzov azərbaycanlı tələbələrin ölkəyə qayıtmaqdan imtina edərək xaricdə qalması ilə bağlı məsələyə də aydınlıq gətirib. “Bu haqda tez-tez bizə sual verirlər, amma bunu niyə verirlər başa düşmürük. Həm deyirsiniz ki, erməni lobbisi güclüdür, həm də deyirsiniz ki, bizim tələbələr niyə orada qalır. Elə tələbələrimiz var ki, məsələn, ABŞ-da kosmik idarəetmə üzrə doktoranturada oxuyan Teyyub Sadıqovun orada qalmasında maraqlıyıq. Çünki bir neçə ildən sonra həmin tələbə professor olacaq. İstəyirik ki, tələbələrimiz orada daha çox qalsın. Amma onlar gəlmək istəyirlər. Gənclərimiz ermənilər kimi deyil, ölkələrinə bağlıdırlar”.
Nazir müavini qeyd edib ki, Azərbaycanda bu gün mühəndislik, kənd təsərrüfatı və fundamental elmlər üzrə kadrlara ehtiyac var: “Amma kənd təsərrüfatı üzrə oxumaq istəyən tələbə çox azdır. Bununla bağlı Aqrar Universitetlə məsləhətlər aparmışıq, onların bilik və bacarıqlarının artırılması istiqamətində treninqlər təşkil etmişik”.
Tədbirdən sonra M.Mərdanov jurnalistləri maraqlandıran sualları da cavablandırıb. “Şagird məktəbə telefon aparmamalıdır”. Lent.az-ın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, bu barədə rəsmi bir əmr yoxdur: “Amma bilin, nə şagird, nə də müəllim dərs prosesində telefondan istifadə etməməlidir”.
Təhsil naziri Azərbaycanda 12 illik təhsilə keçid məsələsinə də münasibət bildirib. “Azərbaycan - 2020: Gələcəyə baxış" konsepsiyasında 12 illik təhsil sisteminə keçid nəzərdə tutulub və 12 illik təhsilə keçiləcək".
Təhsil naziri TQDK-nın bəzi kitabları ləğv etməklə bağlı rəyindən də danışıb: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dərsliklərin monitorinqini keçirib və rəyi nazirliyə göndərib. Təhsil Nazirliyi həmin rəyləri araşdıracaq, qərar qəbul edəcək və bununla bağlı komissiyaya məlumat veriləcək”.
Nazir onu da qeyd edib ki, tədris ilinin ortasında dərslikləri ləğv etməyə heç kimin ixtiyarı yoxdur. Onun sözlərinə görə, dərsliklərin ləğvi yalnız dövlətin təhsil siyasətini həyata keçirən qurumun səlahiyyətindədir.
Qeyd edək ki, TQDK I və III siniflər üzrə ümumilikdə 15 fənn üzrə dərslik və dərs vəsaitinin monitorinqini başa çatdırıb. TQDK apardığı monitorinqlərdən sonra orta məktəblərin III sinif şagirdlərinin 3 dərsliyinin - “Azərbaycan dili”, “Riyaziyyat” və “Həyat bilgisi”nin məktəblərdə istifadəsinin məqsədəuyğun olmaması barədə rəy hazırlayıb.
Nazir özəl ali məktəblərin əlavə dəyər vergisindən azad olunması məsələsinə münasibət bildirib. O qeyd edib ki, bu işə müsbət baxır: “Ali məktəblərin ƏDV-dən azad olunması təhsilin inkişafına xidmət edən bir amil olacaq”.