Prezident İlham Əliyev əvvəlcə “Şəfa” stadionu qarşısında piyadalar və avtomobillər üçün yeraltı keçidin mövcud vəziyyətini əks etdirən sxemə baxıb. Nəqliyyat naziri Ziya Məmmədov yeni qurğunun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib. Sonra Prezident İlham Əliyev piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsib.
Piyada keçidi ilə yaxından tanış olan dövlət başçısına məlumat verildi ki, ümumi uzunluğu 214 metr, eni 16,5 metr, hündürlüyü 3 metr olan qurğu Heydər Əliyev prospektinin bu hissəsində piyadalar üçün indiyədək mövcud olmuş keçid probleminin tamamilə həllinə hesablanıb. Bu keçid təhlükəsiz hərəkəti təmin etməklə yanaşı, daxili dizaynı və dövrün tələblərinə cavab verən infrastrukturu ilə də diqqəti cəlb edir. Müasir işıqlandırma sistemi, açıq havada qurulmuş eskalator piyadaların rahatlığını təmin etməyə yönəlib.
Sonra Prezident İlham Əliyev “Şəfa” stadionunun qarşısındakı yeni avtomobil keçidinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısına qurğunun texniki göstəriciləri barədə məlumat verilib. Qeyd edilib ki, keçidin ümumi uzunluğu 224 metr, eni 16,5 metr, hündürlüyü isə 5,5 metrdir. Bu göstəricilər nəqliyyatın intensiv hərəkətinə əlavə imkanlar yaradacaqdır. İcra olunmuş layihəyə əsasən keçidin açıq hissəsinin uzunluğu 441 metrdir. Layihənin icrası zamanı 1480 metr uzunluğunda yeni yan yollar salınıb.
Yeni qurğu ilə tanışlıqdan sonra prezident İlham Əliyevə Heydər Əliyev prospektində tikilmiş mövcud yeraltı avtomobil tunelindən keçərək Babək və Ziya Bünyadov prospektlərini birləşdirən avtomobil yolunun sxemi təqdim olunub. Dövlət başçısı yol tikinti layihələrinin icrası ilə bağlı tapşırıq və tövsiyələrini verib.