Nəqliyyat Nazirliyi və Bakı Şəhər Baş Dövlət Yol Polisinin əməkdaşları qanunsuz sərnişindaşıma ilə məşğul olan taksi və marşurut avtobuslarına qarşı növbəti reydini keçirib.
ANS TV-nin məlumatına görə, artıq bir neçə sürücü də cərimələnib.
Əsəblərini cilovlaya bilməyən sürücü qeyri-qanuni taksi fəaliyyətilə məşğul olduğu üçün Nəqliyyat Departamentinin işçiləri tərəfindən saxlanılıb. Əvvəlcə yaxınlıqda departament işçilərinin reydə başlaması xəbərini eşidən sürücü taksi nişanını avtomobilinin içərisində gizlədib ərazidən uzaqlaşıb. Amma çox keçmədən taksi fəaliyyətilə məşğul olmasının aşkarlandığından xəbər tutaraq özü işçilərə yaxınlaşıb. Bu dəfə isə nə sənəd təqdim edib, nə də avtomobilinin cərimə meydançasına aparılmasına icazə verib.
Sürücünün tabe olmadığını görən departament işçiləri bu dəfə reydə birgə çıxdıqları polis əməkdaşlarını köməyə çağırıblar. Köməyə gələn polis əməkdaşları sayəsində sürücü bölməyə, maşın isə evakuatorla cərimə meydançasına aparılıb.
Digər taksi sürücüsü isə avtomobilinin üzərində taksi nişanı olsa da, o, bu fəaliyyətlə məşğul olmadığına inandırmağa çalışıb. Bu sürücü də cərimədən yayına bilməyib.
Sıra avtobus sürücülərində idi. Reyd zamanı, demək olar ki, sənədləri qaydasında olmayan sürücü tapılmadı. Amma onların aralarında gigiyenik normalara riayət etməyənlər var idi.
Sürücülərdən birinə üzünün tam təraş olmaması ilə bağlı dəfələrlə xəbərdarlıq ediliyi bildirilib.
Dövlət Avtomobil Xidmətinin əməkdaşlarına da ciddi xəbərdarlıq olunub. Artıq onlar bu gündən sonra xidməti geyimdə olmadan taksi sürücülərinə yaxınlaşa bilməzlər. Hətta üzərlərində xidməti vəsiqələri olsa belə.