“Yenimeydan.info" xəbər verir ki, bunu “Axar.az”ın Güzdəkdə avtoxuliqanlar üçün tikilməli olan meydançanın tikintisinin yubanması məsələsinə aydınlıq gətirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi:
“Bir neçə il bundan qabaq bu məsələ ətrafında gəzən söhbətləri mən də eşitmişdim. Açığı, bu qurumun mənim işlədiyim idarə ilə əlaqəsi yoxdur. Bildiyimə görə, Güzdəkdə 6 hektara qədər ərazinin Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) nəzdinə verilməsi və bu ərazidə xüsusi meydançanın yaradılması nəzərdə tutulmuşdu. Burada təkcə avtomobil yarışları deyil, həm də paraşütdən tullanma, atıcılıq və başqa yarışların keçirilməsi mümkün olacaq. Bir polis işçisi kimi istərdim ki, həmin meydança tezliklə yaradılsın. Belə bir meydança avtoxuliqanlıqla məşğul olmaq istəyənlərin sayının azalmasına gətirib çıxara bilər. Bizim peşəkar sürücü gənclərimiz var. İstərdim ki, onlar gedib həmin yerdə öz məharətlərini göstərsinlər. Məhz belə bir qapalı məkanda həmin sürücülər öz avtomobil yarışlarını keçirə bilərlər”.
Məsələ açıq olaraq qalır KHVTİC 14 iyun 2012-ci il tarixindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə birləşdirilib. Xidmətin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri kapitan Nurəddin Heydərov həmin qurumun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin balansına verildiyini təsdiq etdi:
“KHVTİC ləğv edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qatılıb. Qeyd etdiyiniz meydançanın tikintisi ilə bağlı məsələ isə hələ də açıq qalır. Strukturda təkmilləşmə ilə bağlı proseslər getdiyi üçün işlər dayandırılıb”.
Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin mövcud olduğu vaxt qurumun mətbuat xidməti meydança tikiləcək ərazinin partlamamış hərbi sursatlardan və minalardan təmizlənməsi prosesinin başa çatmadığını və tikintinin bu səbəbdən gecikdiyini bildirmişdi.
Heç bir müraciət daxil olmayıb ANAMA-nın İctimaiyyətlə əlaqələr departamentindən “Axar.az”a verilən məlumata görə, onlara həmin ərazinin minalardan təmizlənməsi ilə bağlı heç bir müraciət daxil olmayıb: “Bizə bu barədə məktub daxil olmayıb. Ona görə də heç bir məlumat verə bilmərik”.
Xatırladaq ki, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, avtoxuliqanlıqla məşğul olan şəxslər əsasən 18-22 yaşlı gənclərdir. Gənclərin bu tələbatını vazkeçilməz olduğunu qəbul edən rəsmi qurumlar avtoşlar üçün xüsusi meydan tikilməsi ideyasını dəstəkləyiblər. Lakin bu meydan Bakının Güzdək qəsəbəsində yerləşən və Sovet ordusu tərəfindən dağıdılmış Aviasiya Mərkəzinin ərazisində olmalıdır. Ərazidə isə minalar basdırılıb və onlar indiyədən təmizlənməyib.