Gəncədə Heydər Əliyev parkında salınan velosiped yolu artıq hazırdır və velosipedlərdən də istifadə etmək olar. Burada inşası nəzərdə tutulan 5 dayanacaqdan 3-ü quraşdırılıb, ikisi isə artıq istifadəyə verilib.
7 min metrlik bir ərazini əhatə edən velosiped yolunun inşasını Türkiyənin "Gold Yapı" şirkəti həyata keçirib. Ərazidə quraşdırılan avadanlıqlar da Türkiyədən gətirilib. Burada fəaliyyət göstərən iki dayanacaqda 30-ya yaxın velosiped istifadə edənlərin ixtiyarına verilir. Velosipedləri xüsusi olaraq hazırlanan abunə kartları və plastik bank kartları ilə kirayə götürmək olar.
Plastik kartların tətbiqi eyni zamanda şəhərə gələn turistlərin də bu xidmətdən istifadəsinə şərait yaradacaq. Kartların üzərində Gəncənin “Zəfər Tağı”, “Gəncənin Avropa Gənclər Paytaxtı” olduğunu əks etdirən loqo, Gəncə şəhər İcra Hakimiyyətinin və “İDEA” resurs mərkəzinin loqosu əks olunub.
Kartları 16 yaşından yuxarı şəxslər şəxsiyyət vəsiqələrinin vasitəsi ilə müvafiq 5 manat ödəməklə ala bilərlər. Bundan sonra kartın balansına pul yükləyərək, velosipedləri istifadə etmək mümkünüdür. İstifadə zamanı tətbiq edilən ödəniş qiymətləri isə belədir: ilk saat 3 manat, ikinci saat 1 manat 50 qəpik, üçüncü və sonrakı saatlar isə 1 manat.
Dayanacaqlarda quraşdırılan məlumat köşklərində isə kart sahibləri balansı yoxlaya, dayanacaqlarda olan boş yerlər haqqında məlumat ala, kart və velosipeddə yaranan problem barədə isə məlumat göndərə bilər. Velosipedi dayanacaqdan ayırmaq üçün kart sahibi ona təqdim olunan şəxsi kart şifrəsini yığmalıdır. Təhlükəsizlik qaydalarına uyğun olaraq isə velosipedləri yalnız parkın ərazisində olan velosiped yollarında sürmək olar.