Sevilən sənətçi Aybəniz Haşımova sosial şəbəkədə mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli haqqında açılan cinayət işi ilə bağlı ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib.
ANS PRESS-in xəbərinə görə, əməkdar artist Aybəniz Haşımova əvvəlcə mərhum şairimiz Nüsrət Kəsəmənlinin yaradıcılığını dəyərləndirərək, onu müasir poeziyamızın Müşfiqi adlandırıb.
Araz Kəsəmənlinin ilk həbsindən xəbərsiz olduğunu, lakin hal-hazırkı vəziyyətdən xəbərdar olduğunu və sanki kiminsə bu ailəyə cəhənnəm əzabı yaşatmaq istədiyini bildirib.
Sənətçi daha sonra müraciətinə bu cür davam edib:
"Bilmirəm, bu ədavət hardan gəlir, amma fakt ortadadır. İnsan 7 aydır günahsız yerə yenə də həbsxana təcridxanasinda saxlanılır. Heç bir dəlil olmadan insanı günahlandırmaq yalnız böyük qərəzin göstəricisidir. Kimlər maraqlıdır bu işdə, onu bilmirəm. Amma bircə onu bilirəm ki, heç kəsin balasına tor qurmaq olmaz. Allah qarşısında böyük günahdır. Bu gəncin 36 yaşı var. 36 yaşında günahsız gəncin həbsi bir insanı ölümə məhkum etmək deməkdir. Mən hər zaman Dövlətimizə inanıb, ona söykənib, ona inanmişam. Yenə də ona inanıram. Mən inanıram ki, Dahi Şairin ruhunu, məsələdən hali olanlar haqsız qoymayacaqlar. Üzümü tuturam güvəncim olan Dövlətimizə və onun rəhbərliyinə. Xahiş edirəm, öz adımdan və bütün əsl sənət fədailəri adından. Doğrudan da Kəsəmənlinin balası günahsızdırsa, onun azad olunmasına kömək etsinlər. Üzümü tuturam ölkəmizin birinci xanımı, xanım Mehriban Əliyevaya. İnandiğimiz, güvəndiyimiz, hər zaman kasıbların, yoxsulların, çarəsizlərin çarəsi olan bacım, sizdən xahiş edirik, əgər bu oğlanın günahı yoxdursa, onun anasına balasının azadlığının geri verilməsinə kömək edin. Sabah səhər 10:30-da, 29-aprel Ağır cinayyətlərdə növbəti məhkəmə prosesi olacaq. Göydə Allah, yer üzündə sizi deyib çağırırıq, hər zaman güvəndiyim Dövlətimiz.
İnanırıq, şairin ruhu şad olacaq."