Bir neçə gündür mediada Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun oğlanlarına məxsus 10 LZ 100 və 10 LR 100 dövlət nömrə nişanlarının fərqli markalı avtomobillərdə olması ilə bağlı xəbərlər və fotofaktlar yayımlanmaqdadır.
Maraqlıdır ki, sözügedən nömrələri bir neçə bahalı maşınlarda görmək mümkündür və həmin fotoları həm millət vəkilinin oğlu Aynar Məmmədov, həm də yaxın dostu Zaur Bağırov sosial şəbəkələrdəki hesablarında paylaşmışdılar.
Fotolar isə bir neçə gündür medianın əsas müzakirə mövzusuna çevrilib. Necə ola bilər ki, eyni nömrə müxtəlif markalı maşınlarda istifadə olunur?
BDYP-nin şöbə rəisi Kamran Əliyev eyni nömrənin bir neçə avtomobildə olması ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib.
K. Əliyev “Qafqazinfo” ya açıqlamasında qeyd edib ki, bir nömrə eyni vaxtda iki avtomobildə ola bilməz:
“Bu mümkün deyil. Ola bilər ki, sən bir ildən sonra maşınını satırsan, başqasıyla əvəzləyirsən, həmin nömrə sənin adınadırsa aldığın yeni maşının da nömrəsi ola bilər. Bu şəkildə qanuni əsaslarla mümkündür”.