Bakı şəhər Baytarliq İdarəsinin əməkdaşları Balaxanı qəsəbəsində qanunsuz fəaliyyət göstərən istehsalat müəssisəsi aşkarlayıblar. Tural Rəhimova məxsus olan qanunsuz fəaliyyət göstərən sexdə adi gigiyenik qaydalara belə əməl olunmadığı nəzərdən qaçmır.
Bu sexdə saxlanılan toyuqlar təkrar emal olunaraq, yenidən istifadəyə verilirmiş. Toyuqların saxlanma şəraiti isə heç buir tələbə cavab vermir.
APA TV-nin verdiyi xəbərə görə, Respublika Baytarlıq İdarəsinin laboratoriya mütəxəssisləri quş ətindən nümunələr götürüblər, analizlər aparılır. İdarənin əməkdaşları ətləri müsadirə ediblər.
İdarənin rəisi Siyalə Rüstəmova deyib ki, oradan 1,2 ton ət aşkarlanıb: "Bu ətlər sümükdən ayrılır, sahibkarın dediyinə görə, dönərxanalara, iaşə obyektlərinə, şadlıq evlərinə satılır".
İkinci belə obyekt Abşeron rayonun Quşçu qəsəbəsində Canpolad Eyvazova məxsus evdə aşkarlanıb. Burada antisanitar vəziyyətdə saxlanılan 250 kq-dan artıq toyuq budu tapılıb. Digər yoxlama isə Bakının Nizami rayonunda aparılıb. Burda isə 300 kiloqramdan çox məhsul götürülüb: "Müayinənin nəticələri sabah günün sonunda bilinəcək. Cərimələrimiz çox aşağı olduğu üçün biz bu cərimələrlə kifayətlənmirik. Yəqin ki, hüquq-mühafizə orqanlarına müraciət ediləcək. Cərimələrin artırılması üçün təklif hazırlamışıq. Biz nəzərdə tutmuşuq ki, bu məbləğ 500-100 manat arasında olsun".
İdarədən bildiriblər ki, bu işlərlə məşğul olan işbazlara qarşı mübarizə bundan sonra da davam etdiriləcək.