Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
1994-cü il may ayının 8-də Bişkekdə imzalanan atəşkəs haqqında protokol, mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində fəal hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.
Atəşkəs müqaviləsinin imzalanmasına baxmayaraq, erməni silahlı qüvvələri hələ də razılaşmaya əməl etmir. Həmin tarixdən bu günə qədər cəbhə boyu minə qədər monitorinq aparılsa da, hər gün qarşı tərəfin silahlı qüvvələrinin atəşkəsi pozması barədə xəbərlər alırıq.