"Minlərlə gəncə yeni imkanlar açılıb"
Sizin təhsil sektoruna göstərdiyiniz qayğı nəticəsində son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülmüş, 2700-dən çox yeni məktəb tikilmiş, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşıb.
Təhsil Nazirliyi tərəfindən ötən il 177 təhsil obyektində cari təmir işləri aparılmış, 370 fizika, kimya və biologiya laboratoriyaları müasir avadanlıqla təchiz olunmuş, 104 əmək kabineti üçün tam avadanlıq dəsti və elementlər alınıb.
Bunu aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.
Azərbaycanda təhsil sahəsində qazanılan uğurlardan danışan təhsil naziri bu sahədə gedən inkişaf proseslərindən, təhsilin inkişafı üzrə dövlət strategiyasının əhəmiyyətindən danışdı. Təhsil ictimaiyyəti adından strategiyanın qəbuluna görə Prezident İlham Əliyevə minnətdarlıq edib.
M.Cabbarov bildirib ki, son bir il müddətində Təhsil Nazirliyi üzrə aparılan işlər əvvəlki dövrə nisbətən öz strukturuna, qiymətinə və keyfiyyətinə görə xeyli optimallaşmışdır. Bunun hesabına məktəblər üçün daha çox miqdarda zəruri avadanlığın alınması mümkün olub: "İki Dövlət Proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşdüyü halda, hazırda hər 18 şagirdə bir kompyuter nisbəti təmin olunmuş, məktəblərin 39 faizi internet şəbəkəsinə qoşulmuşdur. Təhsilin infrastrukturu ilə bağlı məsələlərin əhəmiyyətli hissəsi həll olunduğu halda, bu gün ölkənin inkişaf tempinin tələblərinə cavab verən keyfiyyətin artırılması, təhsilin məzmununun yenilənməsi, müəllimlərin peşəkarlığının yüksəlməsi ön plana keçir".
Təhsil naziri qeyd edib ki, şəxsiyyətin inkişaf etdirilməsi üçün zəruri olan keyfiyyətlərin formalaşması məktəbəqədər təhsil sistemində baş verir: "Bu mənada Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın yeni təşəbbüsü, məktəbəqədər təhsil müəssisələrinin inkişaf proqramı böyük əhəmiyyətə malikdir. 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin qısa müddət ərzində uğurla icra olunduğu kimi, qeyd edilən layihənin köməyi ilə də mövcud problemlərin aradan qaldırılmasına əminik.
Dövlət bağçaları şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, bu sahədə özəl sektorun payının artırılması da vacibdir. Məktəbəqədər təhsil müəssisələrinin 10 il müddətinə mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilməsi özəl sektorun iştirakının stimullaşdırılması yolu ilə məktəbəqədər təhsil ilə əhatə faizini artırmağa imkan yaradır.
Ötən ildə nazirlik tərəfindən təhsil sistemində şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi, kadr potensialının səriştə baxımından gücləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Sizin tapşırığınıza əsasən ümumtəhsil məktəblərini bitirən bütün şagirdlərə attestat verilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilmiş, ötən dərs ilində 90 mindən çox məzunun hamısı attestat almışdır. Bu qərar minlərlə gəncə təhsillərini davam etdirmək üçün yeni imkanlar açdı".
M.Cabbarov bildirib ki, hazırda məktəb müəllimlərinin işə qəbulu mərkəzləşdirilmiş imtahan vasitəsilə həyata keçirilir: "Ötən il 3286 vakant yer müsabiqəyə çıxarılmışdır. İmtahanlarda 15030 nəfər iştirak etmiş, onlardan 1281 nəfər işə qəbul olunmuşdur. Əvvəlki illərdən fərqli olaraq vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmamış, müəllimlərin peşəkarlığı əsas meyar kimi götürülmüşdür. Bu imtahan, həmçinin müəllimlərin peşə hazırlığında olan boşluqları aşkarlamışdır. İndi müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranmışdır. Təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir".
M.Cabbarov təəssüf hissi ilə qeyd edib ki, sistemin daxilində qanunazidd işə qəbul edilən xeyli sayda insan da vardır: "Bu problemin həlli üçün biz həm inzibati tədbirlər görürük, həm də peşə standartları üzərində işləyirik. Müəllimlərin peşəkarlıq səviyyəsinin könüllü əsaslarla yoxlanılması nəzərdə tutulur. Keçiriləcək attestasiya nəticəsində uğur əldə edən müəllimlərə aldıqları dərəcələrə görə diferensiallaşdırılmış əməkhaqqının verilməsi nəzərdə tutulur. Attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq, növbəti attestasiyaya hazırlaşmaq üçün imkan yaradılacaq".
Nazir bildirib ki, əhəmiyyətli yeniliklərdən biri də ucqar kənd məktəblərinə göndərilən müəllimlər üçün həvəsləndirmə tədbirlərinin daha geniş tətbiqidir: "Belə ki, ötən illərdə bu tədbirlər 800 yerə tətbiq olunurdusa, 2013-cü ildə həmin yerlərin sayı 2500-ə çatdırılmışdır. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan məktəblərin bazasında xüsusi istedadlı uşaqlar üçün təmayüllü məktəblər şəbəkəsinin yaradılması planlaşdırılır.
Təhsilin məzmununun təkmilləşdirilməsindən söhbət getdikdə dərslik mövzusuna toxunmamaq olmur. Problemi həll etmək üçün onun kökünə varmaq lazım gəlir. Kökü isə müəllifdir. Daha doğrusu, müəlliflərin az olmasıdır. Buna baxmayaraq, dərslik siyasəti sahəsində də müsbət irəliləyişlər olmuşdur. Görülmüş tədbirlər nəticəsində bu il dərslik yazan müəlliflərin sayı xeyli artmışdır. Gözləyirik ki, bu artım dərsliklərin keyfiyyətinə də öz təsirini göstərəcəkdir. Müəlliflik iddiasında olan mütəxəssisləri dərslik yazmağa təşviq etmək üçün ikinci və üçüncü yer tutan dərslik müəlliflərinə pul mükafatının verilməsini nəzərdə tutmuşuq".
Nazirin sözlərinə görə, yeni atılmış addımlardan biridə məktəb direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslərin yalnız müsabiqə yolu ilə seçilməsi və peşə təlimlərinə cəlb olunmasıdır. M.Cabbarov qeyd edib ki, dövlət tərəfindən ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər davam etdirildiyi bir vaxtda əfsuslar olsun ki, hələ də təhsil müəssisələrinin ərazilərinin kənar şəxslər tərəfindən zəbt olunaraq özbaşına tikinti işlərinin aparılması cəhdləri baş verir: "Bu isə məktəb infrastrukturunun genişlənməsi zərurəti yarandıqda əlavə problemlərə gətirib çıxarır. Göstərilən halların qarşısının alınması üçün yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində təxirəsalınmaz və təcili tədbirlərin görülməsini həyata keçiririk".
Nazirin bildirdiyinə görə, son 25 ildə ilk dəfə olaraq peşə məktəbləri üçün 11 təlim avtomobili və 37 kənd təsərrüfatı texnikası sifariş olunmuş, habelə internat və idman məktəbləri üçün yeni avtobuslar alınmışdır: "Əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması üçün yerli və xarici tərəfdaşlarla birlikdə peşə təhsili sahəsində yeni layihələrin icrasına başlanmışdır. İki gün bundan əvvəl "Sənaye ili" çərçivəsində Koreya Hökuməti və şirkətləri ilə avtomatlaşdırılma, elektronika, avtomobil və inşaat sahələri üçün kadr hazırlayacaq Peşə Tədris Mərkəzinin yaradılması barədə saziş imzalanıb.
Ölkədə insan kapitalının sürətli inkişafı məqsədi ilə Zati-aliləriniz tərəfindən təsdiq olunmuş 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın tanınmış universitetlərində ali təhsil almağa göndərilib. Dövlət vəsaiti hesabına xaricdə təhsil hətta ən zəngin dövlətlər üçün nadir hadisədir. Müstəqil Azərbaycan üçün bu fakt əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənəni dövlətimizin başçısının davam etdirməsini xalqımızın gələcəyi üçün yönəlmiş tarixi addım kimi dəyərləndirilməlidir. Bu gün Proqramın məzunu olmuş 634 nəfərin bir qismi müxtəlif dövlət qurumlarında, ali təhsil müəssisələrində və özəl sektorda məsul vəzifələrdə çalışır, bir qismi isə təhsillərini növbəti səviyyədə uğurla davam etdirirlər. Proqramın icra müddəti növbəti ildə sona çatdığı üçün hazırda tapşırığınızla yeni proqramın layihəsi üzərində iş gedir. Burada prioritet yalnız azərbaycanlı tələbələrin xarici universitetlərə göndərilməsi deyil, göstərişinizə uyğun olaraq, həmçinin xarici mütəxəssislərin elmi-pedaqoji kadrların Azərbaycanın ali təhsil müəssisələrinə cəlb edilməsi olacaqdır. Eyni zamanda, xarici universitetlərdə dərs deyən azərbaycanlı professorların vətənə qayıtmasını stimullaşdırmaq üçün hazırlıq işi aparılacaqdır. Bununla bağlı xaricdə çalışan elmi- pedaqoji kadrlarımız haqqında məlumat bazasının yaradılmasına başlanıb".
Nazir vurğulayıb ki, bugünkü dünya rəqabət dünyasıdır: "Uşaqlarımızın gələcək rəqibləri hazırda Çində, ABŞ-da, Çilidə və istənilən digər ölkədə böyüyürlər. Deməli bizim təhsil sistemimiz çevik və ömür boyu öyrənmək imkanlarına malik kadrları formalaşdırmağı bacarmalıdır. Belə vəziyyət yaxşı təhsil alanların vətənində öz potensialını tam realizə etməsi və bununla ölkənin inkişafına töhfə verə bilməsini təmin edən təhsil sisteminin və təhsil mühitinin yaradılması vəzifəsini qarşımızda qoyur. Ali təhsil müəssisələrinin müasirləşdirilməsi istiqamətində bir sıra islahatların aparılması zəruridir. Ali məktəblərin nizamnamələri yenidən işlənməli, rektorların və digər idarəetmə strukturlarının hesabat müddəti, məsələn, 5 ildən bir tərtib olunmalıdır. Bu, bir tərəfdən şəffaflığın təmin olunması baxımından irəli atılmış addım olacaq, digər tərəfdən onların fəaliyyətinin davam etdirilməsi üçün əsas kimi çıxış edəcəkdir. Növbəti tədris ilindən başlayaraq ali təhsil müəssisələri üzrə "sabah qrupları"nın, yəni, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qrupların təşkili nəzərdə tutulur. Bu yeniliyin məqsədi təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Bu layihə 32 ali təhsil müəssisəsində 52 ixtisas üzrə təhsil alan 20 min tələbəni əhatə edəcəkdir. Növbəti akademik ildən başlayaraq nazirlik öz imkanları hesabına ali təhsildə pilot layihə kimi tələbə qrantları və kreditləri sisteminin işə salınmasını planlaşdırır. Layihə uğurlu olduğu halda bununla bağlı müvafiq dövlət proqramı hazırlanacaqdır".
M.Cabbarov vurğulayıb ki, təhsil sisteminin sürətli transformasiyasına nail olmaq barədə göstərişinizin icrasının təmin edilməsi üçün idarəetmənin təkmilləşdirilməsi istiqamətində Təhsil Nazirliyinin Aparatında struktur dəyişiklikləri edilmişdir: "Təhsil sistemindəki mənfi hallarla mübarizənin gücləndirilməsi məqsədilə daxili nəzarət şöbəsi yaradılmış və daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin edilmişdir. Ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilmiş, 21 şəxs barəsində digər intizam tənbehi görülmüşdür. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir. Nəticədə aparılan statistika göstərmişdir ki, korrupsiya faktları ilə bağlı nazirliyə daxil olan müraciətlərin sayı bir neçə dəfə azalıb".