Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.
Belə ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
1994-cü il may ayının 8-də Bişkekdə imzalanan atəşkəs haqqında protokol, mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində fəal hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.
Atəşkəs müqaviləsinin imzalanmasına baxmayaraq, erməni silahlı qüvvələri hələ də razılaşmaya əməl etmir. Həmin tarixdən bu günə qədər cəbhə boyu minə qədər monitorinq aparılsa da, hər gün qarşı tərəfin silahlı qüvvələrinin atəşkəsi pozması barədə xəbərlər alırıq.