Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Fevral ayının II ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının I ongünlüyünə nisbətən 5 m3/san artaraq 140 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.
Fevral ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən və Bəhramtəpə məntəqələrində isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.72-6.20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.