Rusiyanın Krım işğalından sonra Ukraynanın digər vilayətlərini də işğal etmək niyyətində olması, Ukraynanı parçalamaq siyasəti hələ də davam edir.
Mənbələrə görə, eyni zamanda sadə vətəndaşların fikrinə görə bu Rusiyanın SSRİ tipli bir ittifaqı yenidən bərpa etmək anlamına gəlir. Çünki bəzi yerli sakinlərin ağlında belə fikir var ki, əgər SSRİ kimi birlik yenidən bərpa olunsa, bəlkə Azərbaycan məmurlarının rusların nəzarəti altında olduğu təqdirdə məmur özbaşınalığına son qoyular. Bizə maraqlıdır ruslarla eyni ittifaqa, mərkəzin yenidən Moskva olunmasına xalq necə baxır? Özümüz həm də qəsdən “SSRİ-nin yenidən bərpası” ifadəsini tez-tez işlətdik ki, əsasən Sovet dövründə yaşayıb-yaratmış, çalışmış insanları qıcıqlandıraq, təqdir, yaxud da etirazlarını oyadaq.
Sorğuda ilk iştirak edən Xeyri Almuradov oldu. O, yenidən rusla bir yerdə olmağın əleyhinə danışdı: “İnanmıram, bundan sonra hara bərpa olur SSRİ? Əgər bərpa olunsa, Azərbaycan da onun tərkibinə qatılsa, yəqin ki, bizə yaxşı heç nə yoxdur, heç nə yaxşı görmürəm. Güclə elə canımızı qurtarıb da. Bundan sonra təzədən onlarla nə olacaq, yenə də rus “diktavat” edəcək.”
Digər şəhər sakini isə “Vallah, mən nə deyim bu işə, hə deyim, düz çıxmaz, yox deyim, düz çıxmaz. Bunlar mənlik deyildir” deyərək, cavab verdi.
Taksi sürücüləri də yenidən SSRİ-nin bərpasına , Azərbaycanın onun tərkibinə qatılmağına qəti razı olmadılar: “Mənim fikrimcə azadlıqdan gözəl bir şey yoxdur. Özüm doğulmuşam 66-cı ildə. SSRİ-ni görmüşəm, rus ordusunda qulluq etmişəm. Amma azadlıq elə gözəl nemətdir ki, onun bir günü yüz il əsarət altında qalmaqdan gözəldir. ”
Digəri isə “mən pis baxıram. Müstəqilliyin tərəfdarıyam. Vəssalam, ayrı burda nə deyim? ” fikrində oldu.
Ömrünün çox hissəsini Sovet dövründə yaşan Həmid Güləhmədov sərbəstliyin yaxşı olduğunu dedi: “Mən razı deyiləm. Sərbəst daha yaxşıdır, nəinki Rusiyanın tərkibində olmaq. Azərbaycanın ayrı dövlət kimi fəaliyyət göstərməsinə daha yaxşı baxıram. ”
Dərzi Əkbər kişi də müstəqil olmağın daha yaxşı olduğunu dedi: “Mənim üçün indi yaxşıdır. ”
Vətəndaş Orucov Sadiq də yenidən Azərbaycanın Rusiyanın tərkibində olmasına razı deyil: “Çox pis. Biz müstəqil dövlətik. Şükür Allaha təbii sərvətlərimizin hamısı özümüzündür. Təzədən boyunduruq altında girək? Bu boyda şəhidlər verdik, qanlar töküldü, torpaqlarımız təcavüz olundu, təzədən bütün bunların olmasına qəti razı deyiləm. ”
Sorğuda özlərini təqdim etməmələrinə baxmayaraq, suallarımızı cavablandıranlar da oldu.
“Pis. Biz istəyirik ki, Azərbaycanımız müstəqil olsun. Kim istəyər ki, SSRİ-nin tərkibinə qatılsın Azərbaycan? Müstəqil olsa, yaxşıdır. ”
Həmin bəylə birgə olan digər sakin isə gülərək belə dedi: “Bu gedişlə, deyəsən hamısını geri alar Rusiya. Ancaq ciddi deyim ki, mən istəyərəm, Azərbaycan müstəqil olsun, azadlıq böyük şeydir. ”
* * *
“Çox pis. Müstəqillik hər şeydən yaxşıdır. ”
* * *
“Mümkün deyil. SSRİ heç geri qaytarılan deyil. Azərbaycan da müstəqil olan ölkədir, belə bir şey heç vaxt olan deyil. Ölkəmiz bu gün inkişafdadır, öz yolunu tapıb, öz sabitliyini tapıb. Tamamilə bu fikirlərin əleyhinəyəm. ”
* * *
“Çox pis. Çünki SSRİ bərpa olsa, əvvəlki SSRİ olmayacaq. İndi tamam başqa zəmanədir. Yox, elə mümkün deyil. O vaxt kommunist, sosialist ölkə idi, fəhlə hökuməti idi. İndi alınmaz bu. Müstəqil olmaq ən böyük xoşbəxtlikdir. ”
* * *
“Vallah, mənə lazım deyil heç o SSRİ-nin bərpa olunması. Yaxşı işləyirik, uşaqlarımız böyüdürük, nəvələrimizi böyüdürük, bundan artıq nə lazımdır? ”
* * *
SSRİ-nin bərpasına, Azərbaycanın da onun tərkibinə qatılmasına, mərkəzin Moskva olmasına razı olanlar, hətta bunu ürəkdən istədiklərini göstərənlər də oldu. Vətəndaş Şükrü Hadıyev nədən SSRİ-nin bərpasını, Azərbaycanın da SSRİ-də olmasını istədiyini izah etdi: “Çox yaxşı baxıram. Sovet dövründə yaşayanda, hər şey gözəl idi. İnsanlar bir-birilərinə hörmət edirdilər, böyük-kiçik var idi. Camaat hamı işlə təmin olunmuşdu. Zavodlar, fabriklər işləyirdi. Millət hamı işlə təmin olunmuşdu. Amma indi işsizlik baş alıb gedir. Yəni demək istəyirəm ki, Sovetin vaxtında insanlar pis yaşamırdılar da. Mənzil növbəsinə dayanırdılar, vaxtı gələndə, mənzillərini alırdılar. İndi evlərin sayının gündən-günə artmasına baxmayaraq, camaat evsizdi, kirayələrdə yaşayır. Həmin evlər bir müəyyən qrupun əlindədir”.
* * *
“Əvvəlki kimi olsun istəyərdim. SSRİ möhkəm dövlət idi. Belə yaşamaqdansa, elə əvvəlki kimi yaşamaq yaxşıdır. ”
* * * *
“Belə lap yaxşı baxıram. Sovet hökumətinin dövründə hər şey ucuz, “normalnı” yaşayış var idi. İndi pulun yoxdursa da, yıxılıb yolda ölməlisən. Buna görə də Sovet hökumətinin bərpasına çox yaxşı baxıram. ”
* * *
Bu sualı bir sakinə verirdik ki, cümləmizi bitirməmiş “mən rusu sevirəm, özüm də rus “soldat”ıyam” deyərək, yüksək tonla cavab verdi.
* * * *
Bu sorğunun əsasını yaşlılar təşkil etsə də, gənclərin də bu sahədə fikirlərini öyrəndik. Görək, onlar necə düşünürlər?
Şəhərin gənc sakini Ömərov Cavid Sovet dövründə yaşamamasına baxmayaraq, o dövrün indikindən daha yaxşı olduğunu dedi və izah da etdi: “Çox yaxşı baxıram Azərbaycanın SSRİ-yə qatılmasına. Çünki indi eşidirik də, əvvəllər necə yaşayıb böyüklərimiz. Azı 31 rubla aylarla hər şey ediblər. İndi 600-700 manat heç bir aya çatmır.”
Digər gənc sakinlər: “Müstəqil dövlətik də, ehtiyac yoxdur axı. Mənə elə gəlir belə daha yaxşıdır.”
* * *
“Məncə qatılmasa, yaxşı olar. Çünki SSRİ-nin də vaxt var idi. İndi Azərbaycan müstəqildir. Hazırda hər şey başqa cürdür.”
“Müstəqil olmalıdır əlbəttə ki. ”
* * *
“Hər bir ölkə istəyər ki, öz ölkəsi müstəqil olsun. Buna görə SSRİ-nin tərkibinə qatılması pis baxıram.”
Şəhərdəki sorğudan sonra, redaksiyamızın əməkdaşı, “Yeni Müsavat” qəzetinin müxbiri Aygün Muradxanlı nədən SSRİ-nin bərpasına, Azərbaycanın yenidən həmin imperiyanın tərkibinə qatılmasına razı olmamasını izah etdi: “Əlbəttə ki, mən bu qərarın əleyhinə olaram. Çünki mən öz ölkəmin başqa dövlətin boyunduruğu altına keçməsini istəmirəm. Düzdür, SSRİ dağılanda bizim artıq 20-21 yaşlarımız var idi. SSRİ-nin daha qatı dönəmlərini bizim valideynlərimiz yaşayıblar. Amma heç bir halda Azərbaycanın müstəqil dövlətçiliyinin təzədən Rusiyanın tərkibində yox olmasına, Azərbaycanın milli maraqlarının yenidən ikinci, hətta daha arxa planlara keçməsinə razı olmaram. Hesab edirəm ki, Azərbaycan müstəqil dövlətdir. Bütün çətinliklərə və bizim narazı olduğumuz tərəflərinə baxmayaraq, Azərbaycan dövləti var. Və inanıram ki, gün gələcək, Azərbaycan dövləti demokratik dövlətlər sırasında olacaq. Amma bütün hallarda Rusiyanın bu projesini mən xülya adlandırardım. ”
Sorğunun nəticəsindən belə aydın oldu ki, əksəriyyət SSRİ-nin yenidən bərpasına, Azərbaycanın onun tərkibinə təzədən qatılmasına heç razı deyil.