“Əməkdar artist İlqar Cahangirə beynəlxalq avtovağzal yaxınlığında hücum olub”.
Bu barədə tanınmış aktyor “Axar.az”a özü məlumat verib.
Sayta danışan aktyor bildirib ki, hücum edən şəxslər ona məxsus mobil telefonun yaddaş kartını götürüb qaçıblar:
“Avtovağzal yaxınılığında dayanmışdım. 3-4 nəfər cavan oğlanın bir maşın sürücüsünə hücum etdiyini gördüm. Həmin oğlanlar özlərini nəqliyyat işçisi kimi qələmə verirdi.
Bir qədər sonra aydın oldu ki, həmin sürücü ailəsini avtovağzala gətirib, maşından ailəsini düşürən zaman özlərini nəqliyyat işçisi kimi təqdim edən şəxslər onu qanunsuz taksi fəaliyyətində günahlandıraraq üstünə hücum şəkib. O anı telefonun kamerası ilə görüntüləyən zaman həmin oğlanlardan biri arxadan məni vuraraq telefonu əlimdən aldı və yaddaş kartını çıxarıb telefonu özümə qaytardı. Çox kobud söyüşlər söyən o şəxslərin kimliyini müəyyən etmək mümkün olmadı. Ərazidə olan polislərə və nəqliyyat müfəttişlərinə həmin şəxslərin kimliyini soruşsaq da, heç kim tanımadı. Bizə bildirdilər ki, onlar rəsmən işçi deyillər. Mənim telefonumun kartı, digər vətəndaşın isə sənədləri həmin şəxslərdədir. Hələ ki avtovağzalda dayanıb gözləyirik”.
15:24
Oda Teatrı aktyoru, əməkdar artist İlqar Cahangirin Nəqliyyat Departamentinin işçiləri tərəfindən hücuma məruz qalması ilə əlaqədar aidiyyəti qurumlara, ölkə prezidenti İlham Əliyevə müraciət edib.
Teatrdan verilən xəbərə görə, İlqar Cahangir bu gün səhər saatlarında Beynəlxalq Avtovağzalda Nəqliyyat Departamenti işçilərinin bir sürücüyə qarşı zorakılıq tətbiq etdiklərini şəxsi telefonunun yaddaşına çəkərkən həmin dövlət qurumu işçiləri tərəfindən hücuma məruz qalıb. Departament işçiləri tərəfindən təhqir olunan aktyorun telefonu əlindən alınıb, daha sonra telefonu geri qaytarılsa da yaddaş kartı götürülüb. Aktyorun kobud rəftar, hədə və təhqirlərə məruz qalması ilə əlaqədar teatr aidiyyəti qurumlara rəsmi müraciət edib, məktublar göndərib:
“Tanınmış aktyorun, eyni zamanda bir vətəndaşın dövlət qurumu işçiləri tərəfindən insaniyyətdən uzaq rəftarlara məruz qalması yolverilməzdir. Oda Teatrı olaraq teatrımızın əsas aktyorlarından olan İlqar Cahangirə qarşı bu rəftarı pisləyir və bu məsələ ilə bağlı ölçü götürülməsini, qanunsuzluğa yol verən şəxslərin cəzalandırılmasını tələb edirik. Vətəndaşa, xüsusən də mədəniyyət işçisinə qarşı bu cür rəftarlar adıçəkilən qurumun əməkdaşlarının özbaşınalığından xəbər verir. Məsələ ilə bağlı bütün hüquqi addımlar atılacaq”.
Oda Teatrının rəhbəri Elmin Bədəlov “Axar.az”a bildirdi ki, İlqar Cahangir sadə vətəndaş olmaqla bərabər həm də incəsənət adamı, ictimai xadimdir, ona görə də ona qarşı kobudluğa görə aidiyyatı rəsmi qurumlar açıqlama verməlidir: “Həmin işçilərin cəzalandırılmasını tələb edirəm”.