Aprelin 1-də Daxili İşlər Nazirliyində şəhər, rayon polis orqanlarının polis sahə rəislərinin və sahə inspektorlarının cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətinin təkmilləşməsinə və görülmüş işlərin müzakirəsinə həsr olunmuş ümumrespublika toplantısı keçirilib.
Modern.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov toplantının məqsədi və gündəliyi barədə məlumat verib.
Gündəlikdəki məsələ ilə bağlı Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov hesabat məruzəsi ilə çıxış edib. O deyib ki, Nazirliyin rəhbərliyi tərəfindən digər sahələrlə yanaşı, polis sahə inspektorlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə Daxili İşlər Nazirliyi sistemində ictimaiyyətlə, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin hərtərəfli möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi üçün bir sıra struktur dəyişiklikləri aparılıb. O cümlədən polis sahə rəisləri institutu yaradılıb, onun fəaliyyətinin təkmilləşdirilməsi, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təmin edilməsində rolunun artırılması, polis sahə məntəqələrində İctimai Şuraların formalaşdırılması və fəaliyyətinin təşkili istiqamətində məqsədyönlü tədbirlər görülüb.
Naxçıvan MR DİN-in İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Əliəşrəf İbrahimov, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə inspektoru, polis leytenantı Səbuhi Əmiraslanov, Nizami RPİ-nin İctimai Şura üzvü Zümrüd Səmədova, Qazax RPŞ-nin İctimai Şura üzvü Şahismayıl Məmmədov və başqaları çıxış edərək görülən işlərdən danışıb, müzakirə olunan məsələ ilə bağlı təkliflər səsləndiriblər.
Toplantı iştirakçılarına konkret tapşırıq və tövsiyyələrini verən Ramil Usubov xatırladıb ki, polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Azərbaycan Prezidentinin 2007-ci ildə imzaladığı "Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" sərəncamla sahə inspektorlarının səmərəli fəaliyyəti üçün zəruri şəraitin yaradılması barədə tapşırıqlar verilib. Həmin ildən etibarən Nazirlik tərəfindən ATƏT-in Bakı Ofisinin yaxından iştirakı ilə 20-dək dövlətin, o cümlədən Türkiyə, İngiltərə, İtaliya, Avstriya və İsrailin müvafiq funksiyaları yerinə yetirən vəzifəli şəxslərinin hüquqi statusuna dair mütərəqqi təcrübəsinin öyrənilməsinə başlanılıb. Əldə edilmiş nəticələr ümumiləşdirilərək polis sahə inspektorlarının xidməti «sahə rəisi» statusunda əvvəlcə bir neçə rayonda eksperiment qaydasında, 2009-cu ildən isə daimi əsaslarla bütün ərazi polis orqanlarında təşkil edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığı əsasında aparılan bu islahatlar eyni zamanda qanunvericilik aktlarında bir sıra dəyişikliklərin edilməsi ilə nəticələnib. Dövlət başçısının imzaladığı Fərmanla polis sahə rəislərinə İnzibati Xətalar Məcəlləsinin 40 maddəsi üzrə qərar qəbul etmək səlahiyyəti verilib. Vətəndaşların ictimai asayişin təmininə könüllülük əsasında cəlb edilməsi üçün yerli polis orqanları yanında İctimai Şuraların yaradılması barədə “Polis haqqında” Qanuna yeni maddə əlavə olunub.
Hüquqi tənzimləmə məsələsinə paralel olaraq ixtisaslı kadr potensialının, peşəkar özəyin formalaşdırılmasına və möhkəmlənməsinə də önəm verildi və hazırda daxili işlər orqanlarında ən çoxsaylı zabit heyəti olan polis sahə rəisləri və sahə inspektorları arasında ali təhsilli əməkdaşların xüsusi çəkisi 2009-cu illə müqayisədə 2013-cü ildə 74 faizdən 86 faizə, ali hüquq təhsillilərin xüsusi çəkisi 57 faizdən 67 faizə yüksəlib. Təsadüfi deyil ki, müxtəlif məsələlərlə bağlı polis sahə məntəqələrinə müraciət edən şəxslərin sayı son 5 ildə 60 faiz artıb. Ailə-məişət zəminində baş verən münaqişələr 2,5 dəfə azalıb.
Qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin orta hesabla 80 faizi vətəndaşların yaxından iştirakı ilə açılıb.
Nazir hazırlanan cinayətlərin qarşısının vaxtında alınması üşün polis əməkdaşlarının, o cümlədən, sahə rəislərinin və inspektorlarının zəruri hüquqi biliklərə, geniş dünyagörüşə, yeni texnologiyalarla iş bacarığına, bütövlükdə yüksək professionallığa malik olmalarının vacibliyini xüsusi vurğulayıb və bu məsələyə hər bir ərazi polis orqanında xüsusi diqqət yetirilməsini tələb edib.
Eyni zamanda onu da diqqətə çatdırıb ki, profilaktik fəaliyyətdə böyük əhəmiyyət kəsb edən maarifləndirmə işi İctimai Şuraların üzvləri, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, təhsil və səhiyyə müəssisələrinin işçiləri, din xadimləri ilə birgə, onların qüvvəsindən, imkanlarından geniş istifadə edilməklə həyata keçirilməlidir.
Sonda cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, bütövlükdə xidməti vəzifələrin icrasında fərqlənən bir qrup əməkdaşın, habelə, əhali arasında hüquqi maarifləndirmə və təbliğat işinin aparılmasında fəal iştirak edən ictimai şura üzvlərinin mükafatlandırılması barədə daxili işlər nazirinin əmri elan edilib və Ramil Usubov tərəfindən mükafatlar sahiblərinə təqdim olunub.
İki gün davam edəcək toplantıda iştirakçılar müxtəlif mövzularda çıxışları dinləyəcək, qabaqcıl təcrübə və iş metodları ilə yaxından tanış olacaqlar.