Sabit resurslar və Azərbaycanın dövlət borcunun aşağı səviyyəsi 2013-cü ildə neftin qiymətlərinin volatilliyi üzrə riskləri əhəmiyyətli dərəcədə yumşaldıb və ölkənin güclü xarici mövqeyini qoruyub.
“Yenimeydan.info ” Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı tərəfindən dərc olunan Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanın tərəqqisinə dair hesabatda deyilir.
Hesabatda qeyd olunur ki, buna baxmayaraq, ölkənin tədiyyə balansında cari əməliyyatların qeyri-neft hesabının kəsiri ÜDM-in 17,4 faizi səviyyəsində qalıb ki, bu da dövlət məqsədilə qeyri-neft məhsullarının idxalı və qaz sektoruna birbaşa xarici investisiyalarla bağlıdır.
Sənəddə bildirilir ki, Azərbaycan dövlət xərclərinin böyük hissəsini karbohidrogenlərin satışı hesabına maliyyələşdirməkdə davam edir: "Belə ki, 2013-cü ildə büdcə gəlirlərinin 58,43 faizi Dövlət Neft Fondundan transfertlər hesabına formalaşdırılıb. Bu büdcəni ÜDM-in 0,47 faizi səviyyəsində profisitlə yerinə yetirməyə yardım edib".
Hesabatda deyilir ki, ötən ilin dekabr ayında hökumət yanacaq növlərinin prakəndə qiymətlərini 25-33 faiz artırıb: "Eyni zamanda, bir sıra telekommunikasiya xidmətlərinin tarifləri azaldılıb"