Gölün ekoloji bərpası ilə əlaqədar layihə iki mərhələdə olacaq. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə gölün, Olimpiya Stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunacaq.
Birinci mərhələdə gölün şimal hissəsinin tarixən neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılaraq təcrid olunması nəzərdə tutulub. Bununla da neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısını almaq mümkün olacaq.
Ərazinin qərb sərhədini müəyyən edən altıxətli magistral şose şəklində layihələndirilmiş bənd isə bir tərəfdən Ziya Bünyadov prospekti, digər tərəfdən isə Balaxanı-Binəqədi şosesi ilə birləşdiriləcək. Bu da öz növbəsində şəhər yol infrastrukturuna düşən yükü azaldacaq. Göl hissəsindəki yolun ümumi uzunluğu 1570 metr təşkil edəcək.
Gölə axıdılan çirklənmiş suların qarşısı alınacaq və dövriyyə zamanı çirklənmiş su Hövsan Aerasiya Stansiyasına istiqamətləndiriləcək. Göldən çirklənmiş çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi, həmçinin gölün ətrafında hazırda mövcud olan qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi planlaşdırılır. Gölün cənub sahilində çirkab suların qarşısı tamamilə alınacaq və burada geniş abadlıq-quruculuq işləri aparılacaq, park və yaşıllıqlar salınacaq. Gölün stadion istiqamətində çirklənmənin qarşısını almaq məqsədilə çirkab su kollektoru inşa olunacaq. Sahil xətti boyunca gəzinti bulvarının inşası və buradan stadion ərazisinə keçid nəzərdə tutulub.
Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edəcək. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq.