Ötən həftə xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə (həyat yoldaşı və nəvəsinin ölümü) səbəb olmuş məmur övladının törətdiyi qəzadan hələ çox danışılacaq.
Təbii ki, xalq artistinin ailəsinə ölüm gətirən bahalı “Mercedes-Benz G-55”in dəlisov sürücüsü Xalid Mədətov və onun məmur atası Mübariz Mədətov cəzasız qalmadı. Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini vəzifəsindən azad edildi.
Məmur oğlunun özü isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Bu, nə birinci, nə də sonuncu belə hadisədir. Modern.az saytı vəzifə sahiblərinin övladlarının son vaxtlar törətdikləri avtomobil qəzalarını diqqətinizə çatdırır..
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlu qəza törətməklə mətbuat səhifələrinə düşüb. Hadisə Pambıq Zavodunun qarşısında baş verib. Atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobilini idarə edən oğul İsmayılov birdən-birə iki “VAZ 06” markalı “jiquli”ni əzib. Maşınlardan biri yararsız hala düşüb. Zədələnən “Jiquli”lərdə həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı aptekdə imiş.
Kürdəmirdə Heydər Əliyev prospektində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Kürdəmir sakini 1997-ci il təvəllüdlü Sadıqzadə Rahim İbrahim oğlu “Hyundai Santafe” markalı avtomobillə Bakı prospektindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edərkən yolu keçən piyada - 1948-ci il təvəllüdlü Hümbətova Şükufə Qaraş qızını vurub. 65 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
İlkin məlumata görə, avtomobil 16 yaşlı oğlanın babasına məxsus olub. Hadisə baş verən gün o, avtomobili ailəsindən xəbərsiz götürərək qəza törədib. R.Sadıqzadə yolun sağ tərəfindən sol tərəfinə keçərkən idarəetməni itirib. Qəza törətmiş şəxs Kürdəmir Rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Sadıqzadənin oğludur.
Baş Dövlət Yol Polis idarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Hikmət Kərimovun verdiyi məlumata görə, baş verən qəza zamanı piyadanın cəsədi bir neçə hissəyə parçalanıb. Onun dilini isə qəza yerindən xeyli aralıda tapa biliblər.
Quba bələdiyyəsi sədrinin oğlu isə Qubada qəza törədib. Qəza Bakı-Quba yolunun 167-ci kilometirliyində, Quba şəhərində baş verib. 26 yaşlı Bəhram Elxan oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı avtomaşınla 45 yaşlı şəhər sakini İmran Vaqif oğlu Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, yüksək sürətlə idarə olunan “Mercedes” piyadanı vurduqdan sonra yol kənarında olan evlərdən birinin hasarına dəyib, daha sonra yol kənarına keçərək iki mağazaya da ciddi ziyan yetirib. Sürücü xəsrət aldığından onu rayon xəstəxanasına aparıblar.
B.Əliyev Quba bələdiyyəsinin sədri Elxan Əliyevin oğludur.
Bərdə şəhərinin icra nümayəndəsinin avtoxuliqan oğlu da qəza törədən vəzifəlilərin övladları sırasına daxil olub. Bərdə şəhərində Hüsü Əliyev küsəsində “Mercedes” markalı avtomobillə “Qaz-24” markalı 2 maşının toqquşması nəticəsində sürücülər xəsarət alıb.
“Mercedes”in sahibi Bərdə şəhərinin icra nümayəndəsi Əli Fərzəliyevin avtoxuliqan kimi tanınan oğludur. Amma icra nümayəndəsi qəzaya görə digər avtomobilin sahibini günahlandırıb: “Oğlum elə bilib ki, saxlayıb yol verəcək. O da yol verməyib, toqquşublar”.
Ə.Fərzəliyev oğlunun adını deməkdən imtina edib: “Adı nəyə lazımdır? Ümumiyyətlə, xəbər hazırlamaq lazım deyil. Olan xəbərləri də dayandırdıq”.
Məmur övladlarının “şıltaqlıqları” haqda mətbuatda çox yazılıb və bununla bağlı çoxsaylı faktlar mövcuddur. Hətta iş o yerə gəlib çatdı ki, ölkə başçısı keçirdiyi müşavirədə bu məsələnin üzərində xüsusi dayandı və bu kibelə hallara yol verən məmurlara və onların övladlarına sərt xəbərdarlıq etdi.
Bununla belə, hələ də məmur övladlarının özbaşınalıqları ilə bağlı müxtəlif xəbərlər gəlməkdədir.
Bir müddət əvvəl Tərtər rayonunda icra başçısının müavini Vidadi Bəylərovun oğlu avtoxuliqanlıq edərkən, bir gəncin həyatına son qoyub, digərinin isə ömürlük şikəst qalmasına səbəb olub.
Vidadi Bəylərovun oğlu başqa bir gənclə avtoşluq edirmiş. "Yarışa" çıxan icra başçısının müavininin oğlu "rəqib"ini sıxışdıraraq, yoldan çıxmağa məcbur edib. Nəticədə isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib.
Qəzadan sonra isə maraqlı faktlar ortaya çıxıb. V.Bəylərovun oğlunun törətdiyi avtoqəzanı araşdıran müstəntiq Nəsimi Hüseynov əvvəlcə avtoqəzanın olmadığını söyləyib.
Lakin sonradan bir avtoqəza olduğunu, lakin məmur oğlunun həmin qəzanın iştirakçısı deyil, şahidi olduğunu deyib: “Bu qəza mart ayının 17-də olub və qəza nəticəsində sürücü Ramil Azər oğlu Quliyev dünyasını dəyişib. Maşın yoldan çıxıb və bir nəfər ölüb. Lakin Vidadi Bəylərovun oğlu qəzaya düşən şəxsi xəstəxanaya aparıb”.
Bununla belə həmin olaydan sonra məmur oğluna bir söz deməsələr də, atasını işdən çıxardılar.
Ağdam rayonu ərazisində vəzifəli şəxsin övladının iştirakı ilə avtoxuliqanlıq hadisəsi qeydə alınıb. “Dövlətqaçqınkom”un Ağdam şöbəsinin müdiri Qabil İbadovun oğlu yol qəzası törədib.
Onun idarə etdiyi «Mersedes» markalı maşın KAMAZ-la toqquşub. Ötmə zamanı baş verən hadisədə günahın məmur oğlunda olduğu bildirilir. Hətta bunu özünün Facebook profilində də qeyd edən həmin gənc təsdiq edib ki, hadisə avtoxuliqanlıq etdiyi zaman reallaşıb və günah da özündə olub.
Qolundan və bir neçə yerindən zədə alan məmur övladı bunları boynuna almasına rəğmən, atası Qabil İbadov bütün günahı KAMAZ-ın sürücüsünün üzərinə yıxmağa çalışıb.