2-3 ay ərzində 660 Qarabağ müharibəsi əlili avtomobillə təmin olunacaq. Bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, artıq respublikaya 1530 dəstləşdirici hissələr çatdırılıb və hazırda onların yığılması prosesi gedir. Avtomobillər Naxçıvan Avtomobil Zavodunda yığılır. S.Müslümov bildirib ki, təqribən 150 avtomobil aprelin əvvəlində təhvil veriləcək: "Avtomobillər hazır olduqca kiçik hissələrlə - 50-100 ədəd Bakıya çatdırılacaq". Nazirin sözlərinə görə, avtomobillərin verilməsinə ciddi nəzarət ediləcək: "Avtomobil almaq üçün müraciət edənlərin siyahısı nazirliyin saytında dərc olunacaq və hər bir vətəndaş növbədə sayca neçənci olmasını əyani şəkildə görə bilər". S.Müslümov qeyd edib ki, avtomobillərin verilməsi prosesində şəffaflığı təmin etmək məqsədi ilə, həmçinin nazirliyin mənzil və digər məsələlərinin həllində müvafiq nazirlik və Qarabağ müharibəsi veteranları və əlillərinin yaratdığı qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət xüsusi komissiyanın yaradılması üzrə həll layihəsi hazırlanıb. 1998-2003-cü illərdə Qarabağ müharibəsi əlillərinə 1230 minik avtomobili verildiyi halda, 2004-2013-cü illərdə bu rəqəm 2300-ü ötüb. (Trend)