ADP-nin və Ümid Partiyasının təmsil olunduğu “Qarabağ” bloku Azərbaycanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması üçün hakimiyyətə çağırış edib.
Bu barədə blokun yaydığı bəyanatda bildirilir ki, Ukrayna ərazisinə olunan hərbi müdaxilə eyni zamanda sadə ukraynalılara demokratik yolla öz siyasi hakimiyyətlərinin formalaşdırmağa mane olmaq məqsədi daşıyır. Həmçinin Rusiyanın bu hərəkəti MDB və Kollektiv Təhlükəsizlik Nizamnaməsinin pozulmasıdır. Rusiya bütün hallarda nəinki Ukraynanın, eyni zamanda digər postsovet ölkələrinin demokratikləşməsində və Avropaya inteqrasiyasında ciddi maneədir.
“Qarabağ” bloku Azərbaycan hökumətinə və digər MDB üzvü olan dövlətlərə MDB-nin tərkibindən çıxmağı təklif edib və bildirib ki, MDB deyilən məkanda tərəflərin hüquqi bərabərliyi, bir-birinə qarşılıqlı hörmət anlayışı yoxdur: “Rusiyanın maraqları var və bu maraqlar çox zaman digər dövlətlərin maraqlarını üstələyir, əzib keçir, hətta ölkələrin ərazi bütövlüyünə müdaxilə edir. Ukraynada baş verənlər bunun bariz nümunəsidir. MDB yaranandan bu günə qədər faktiki olaraq heç bir ölkənin hüquqları MDB çərçivəsində qorunmayıb. Rusiya Ukraynanın, eləcə də digər postsovet ölkələrində xalqların seçiminə hörmət etmədiyinə, hazırda hadisələrin Ukraynada cərəyan etdiyinə və faktiki olaraq MDB-yə sədrlik bu ölkədə olduğuna görə, Ukraynanı MDB-dən çıxmaqla bağlı ilk addımı atmağa çağırırıq”.