Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Atası din xadimi olub, lakin oğlunu dünyəvi elmləri öyrənməyə yönəldib. Məhəmməd Əmin məşhur pedaqoq S.M.Qənizadənin (1846-1942) müdir olduğu ikinci “Rus-müsəlman” məktəbində təhsil alıb. Buranı bitirdikdən sonra o, təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir.
1902-ci ildə - on yeddi yaşında olarkən Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. Sonra bu təşkilat “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərib.
Siyasi fəaliyyətlə yanaşı, Rəsulzadə ədəbi yaradıcılıqla da məşğul olub, “Müxəmməs” adlı ilk əsəri “Şərqi-Rus” qəzetində (1903-cü il N20) çap olunub. 1904-cü ilin axırlarında “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı” yaradılıb. Təşkilatın “Hümmət” adlı qəzeti də nəşr edilib (1904-1905-ci illər, cəmi 6 nömrə), qəzetin əsas naşirlərindən biri Rəsulzadə olub. 1906-cı ilin dekabrından “Hümmət” qəzeti “Təkamül” adı ilə çıxıb.
Rəsulzadənin Əli bəy Hüseynzadənin (1864-1941) redaktor olduğu “Füyuzat”, həmçinin Əhməd bəy Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şerləri çap olunub. Müəyyən müddət o, “İrşad” qəzetinin müvəqqəti redaktoru olub.
1908-ci ilin axırında Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. O, İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabının rəhbərlərindən biri olur. Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, bu partiyanın əsas orqanı olan “İrane Nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. O, İranda Avropa tipli jurnalist sənətinin əsasını qoyub.
Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində “Tənqidi-firqeyi-etidaliyyun” adlı kitabını çap etdirib. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca “Səadəti-bəşər” adlı kitabı nəşr olunub. Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan Rəsulzadənin ölkədən xaric olunmasını İranın şahlıq üsuli-idarəsindən tələb edir. Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstanbula müraciət edir.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra Rəsulzadə vətənə qayıdır. O, hələ İstanbuldan onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər - özü, Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan “Müsəlman demokratik “Müsavat” partiyası”na daxil olub və tezliklə onun rəhbərinə çevrilib.
Rəsulzadə 1915-ci ilin avqustundan “Açıq söz” qəzetini nəşr edir ki, bu da əslində gizlin fəaliyyət göstərən “Müsavat” partiyasının orqanı idi. 1917-ci ildə fevral burjua inqilabı baş verdi. Böyük Rusiya imperiyası dağılmağa doğru gedirdi. Həmin ildə Gəncədə Nəsib bəy Yusifbəylinin (1881-1920) rəhbərliyi altında “Türk Ədəm Mərkəziyyət” (federalist) partiyası fəaliyyətə başladı. 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı.
1917-ci il oktyabrın 26-dan 31-nə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən “Türk Ədəmi Mərkəziyyət partiyası “Müsavat”ın birinci qurultayında Rəsulzadə Mərkəzi Komitənin sədri seçilib. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlanılıb. 1917-ci ilin payızında Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb, səs çoxluğu ilə Rəsulzadə Milli Şuranın sədri seçilib.
1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar.
Bitərəf Fətəli xan İsgəndər oğlu Xoyskinin (1875-1920) başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoydu.
1920-ci ildə aprel hadisələrindən sonra Rəsulzadə Lahıcda həbsə alındı. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib Rəsulzadəni azad etdi. Bununla Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu Rəsulzadənin qarşısında öz tarixi və vicdan borcunu yerinə yetirdi. Stalin Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq İnstitutunda da fars dilində dərs deyib.
1925-ci ildən sonra Rəsulzadənin həyatında mühacirət dövrü başlanır. Türkiyə, Fransa, İngiltərə mətbuatında yazıları, kitabları dərc olunur.
Ankara universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da vəfat edib. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan milli şurasının sədri Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirib. O, Ankara Əsri qəbiristanlığında dəfn edilib.