Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən bu gün qeyd edilir.
2012-ci il həm də “İdman ili” elan edilib.
2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında Azərbaycan idmançılarının qazandığı qələbəni xüsusilə qeyd etmək lazımdır. Pekin Olimpiya oyunlarında Azərbaycan 7 medal qazandı və dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutdu. Olimpiya oyunlarında qazanılan bu qələbə də, heç şübhəsiz, dövlətin idmana münasibətinin nəticəsi idi...
Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülməsi, Olimpiya oyunlarında qazanılan 4 qızıl, 3 gümüş və 9 bürünc medal böyük tarixi nailiyyətdir...
Azərbaycan artıq dünyanın idman mərkəzlərindən birinə çevrilib - bu fikri indi böyük fəxrlə söyləmək olar.
İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Bir-birinin ardınca istifadəyə verilən Olimpiya İdman Kompleksləri indi bölgə idmanının inkişafında da mühüm rol oynayır.
Azərbaycan çox mötəbər beynəlxalq idman yarışlarına çox müvəffəqiyyətlə ev sahibliyi edir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, olimpiya ideallarının təbliği, müasir olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib.
Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatları uğurla keçirilir.
Qusarda yaradılan qış-yay dağ-idman turist kompleksi isə idmanın bu sahəsinin inkişafına əhəmiyyətli töhfədir. Bütün bunlar isə bir daha göstərir ki, ölkəmizdə idmanın inkişafı sistemli xarakter daşıyır.